Dəmir yumruq » İqtisadiyyat » ANAMA ötən il dövlət sifarişini tam yerinə yetirməyib
İqtisadiyyat / 7-12-2022, 14:32

ANAMA ötən il dövlət sifarişini tam yerinə yetirməyib

Hesablama Palatasının 2022-ci ilin iş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) publik hüquqi şəxsin 2021-ci il yanvarın 1-dən 2022-ci il iyulun 1-dək olan hesabat dövrlərindəki fəaliyyəti əhatə olunub.

Palatadan AZƏRTAC-a bildirilib ki, əzəli torpaqlarımızın işğaldan azad olunmasından sonra ağlasığmaz formada kütləvi minalanmış həmin ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə yaranan tələbatın əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması ANAMA-nın fəaliyyətinin genişləndirilməsini şərtləndirib, müasir tələblərə uyğun maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi işlərinə xüsusi önəm verilib, genişmiqyaslı işlərin yerinə yetirilməsi prosesində auditlə əsasən bir sıra uyğunsuzluqlar aşkarlanıb.

Dövlət sifarişinə məqsədli vəsaitlərin ödənilməsi üzrə rəsmiləşdirilmiş müqavilələrə dövlət sifarişinin mahiyyətinə uyğun gəlməyən bəndlər daxil edilib, minatəmizləmə fəaliyyəti üzrə dövlət büdcəsindən açılan maliyyələşmələr qanunvericiliklə sifarişçi-icraçı münasibətlərini tənzimləyən meyarlara tam uyğun həyata keçirilməyib. 2021-ci il üçün müqavilə məbləğinin tam həcmdə maliyyələşdirildiyi halda dövlət sifarişi 88,5 faiz səviyyəsində yerinə yetirilib ki, bu da minatəmizləmə işləri üçün əlavə iddiaçı hüquqi şəxslərin müəyyənləşdirilməsi və sifarişlərin ötürülməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi prosesinin ilin sonunda tamamlanması və nəticə etibarı ilə ANAMA vasitəsilə kənar hüquqi şəxslər üzrə sifarişlərin icra olunmaması səbəbindən baş verib. Audit dövründə ümumilikdə 612,5 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa olunduğu nəzərə alınmaqla, bu və digər uyğunsuzluqların aradan qaldırılması, eləcə də nizamnaməyə uyğun olaraq institusional tənzimləmə çərçivəsində funksional fəaliyyətdə istifadə edilən geyimlərin (xüsusi geyimlərin) və yumşaq inventarların istismar müddətlərini müəyyənləşdirən daxili normativlərin işlənilməsi və struktur vahidlərinin fəaliyyətində koordinasiyanın gücləndirilməsi istiqamətində müvafiq təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.