Cənub Qaz Dəhlizi iqtisadi dividend və siyasi zəmanət qazandıracaq
Dünya enerji bazarında qiymətlərin artması Avropada böhranın yaranmasına səbəb olub. Rusiya ilə Ukrayna arasındakı gərginlik nəticəsində dünya bazarına qaz ixracı kəskin şəkildə aşağı düşüb. Eyni zamanda, Avropa İttifaqı Rusiya qazından tamamilə imtina etmək istəyir. Qış aylarının başlaması ilə əlaqədar olaraq qazın qiymətinin artması böhran yaradıb və Avropa dövlətləri bu böhrandan çıxış üçün alternativ yollar axtarırlar.
AZƏRTAC Avropanın yaranan böhrandan çıxış yolları, Azərbaycanın bu sahədə töhfələri ilə bağlı suallara aydınlıq gətirib.
Türkiyədə nəşr olunan “Dünya” qəzeti yazır ki, indiki məqamda Avropa üçün ən optimal variant Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasıdır. Hazırda Azərbaycan Trans-Anadolu Qaz Kəməri (TANAP) ilə Türkiyə üzərindən Avropaya 16 milyard kubmetr qaz ixrac edir. Bunun 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya nəql olunur. Avropa dövlətləri Rusiyadan il ərzində 115 milyard kubmetr qaz alırdı. Bu olduqca böyük həcmdir və indi bu boşluğu doldurmaq üçün əlavə qaza ehtiyac var. Azərbaycan 2027-ci ildə əlavə olaraq qaz hasilatını 5 milyard kubmetr də artıracaq ki, bu da ümumilikdə 20 milyard kubmetr qazın nəql olunması deməkdir.
Perspektivdə Qazaxıstan və Türkmənistan qazının da Azərbaycandan tranzit olaraq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunmasını gözləmək olar. Bu istiqamətdə danışıqlar aparılır və real addımlar atılır.
“Methinks” şirkətinin nümayəndəsi Con Roberts Avropa üçün alternativ qaz nəqlini araşdıraraq qeyd edir ki, Azərbaycanın sübut olunan qaz ehtiyatı 1,3 trilyon kubmetrdir. Lakin bu qazın hasil və nəql olunması üçün sərmayə yatırımına ehtiyac var ki, bunu da Avropa Komissiyası nəzərdən keçirməlidir.
Göründüyü kimi, dünyada yaranan enerji böhranı Azərbaycanın Avropa üçün əhəmiyyətini artırıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu istiqamətdə uğurlu diplomatik addımlar atıb.
Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
“Şahdəniz” layihəsinin tammiqyaslı işlənməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ 2” layihəsi nəhəng bir layihə kimi Avropanın enerji təhlükəsizliyini artıracaq.
Azərbaycanın enerji siyasətinin əsası sadəcə olaraq qaz satıb büdcə gəlirlərini artırmaqdan ibarət deyil. Əlbəttə ki, hər hansı bir dövlətin gəlirlərini artırması onun iqtisadi inkişafını təmin edir. Azərbaycan Prezidenti neft və qazdan əldə olunan gəlirləri insan kapitalına çevirmək istiqamətində çoxdandır ki, siyasət yürüdür. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa ilə Azərbaycan arasındakı enerji sahəsində əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı rəsmi Bakıya iqtisadi dividendlə yanaşı siyasi zəmanət də qazandıracaq. Dünya siyasətində aparıcı rola malik olan Avropa strukturları ölkəmizə qarşı əsassız iddiaların qarşısının alınmasında mühüm addımlar atacaq.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb. Prezident İlham Əliyevin enerji siyasəti, eyni zamanda, iqtisadiyyatın, ordunun və ümumilikdə Azərbaycanın dünyaya inteqrasiyasına və inkişafına təkan verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin