Azərbaycan və Bəhreyn gömrükçüləri qanunsuz ticarətə qarşı birgə mübarizə aparacaq
Bəhreyn Krallığının Manama şəhərində Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 87-ci sessiyası keçirilir.
Dekabrın 6-da sessiya çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) ilə Bəhreyn Krallığının Gömrük Xidməti arasında gömrük əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalanıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənədi DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Bəhreyn Krallığı Gömrük Xidmətinin rəhbəri Əhməd bin Hamad Əl Xəlifə imzalayıblar.
Anlaşma Memorandumu gömrük prosedurlarının tətbiqinin səmərəliliyini artırmağa kömək edən məlumatların mübadiləsi, gömrük işi sahəsində işçi görüşlərin, təlim kursları, seminarların təşkili, malların qanunsuz ticarəti ilə mübarizə, gömrük nəzarətinə dair təcrübə, gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması və araşdırılması üzrə məlumat və üsulların mübadiləsi və sair məsələləri əhatə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır