Xəbər lenti
Dəmir yumruq » İqtisadiyyat » Orta dəhliz ortaq maraqlara xidmət edir
İqtisadiyyat / 2-12-2022, 02:47

Orta dəhliz ortaq maraqlara xidmət edir

Qafqaz bütün fatehlərin maraqlarının kəsişdiyi vacib region kimi həmişə diqqət mərkəzində olmuşdur. Tarixi geri vərəqləsək, minilliklər boyu işğalçıların ərazilərimizə can atdığını, bu yerlər uğrunda qanlı savaşlar getdiyini görəcəyik.
Bax, belə bir başıbəlalı regionda Prezident İlham Əliyevin gərgin diplomatik səyləri iqtisadi və hərbi maraqları Qafqazda kəsişən bütün qüvvələri təhlükəsizləşdirə bilmiş, onların potensial gücünü münaqişələrin və müharibələrin dərinləşməsinə yox, qarşılıqlı əməkdaşlığın inkişafına və güclənməsinə çevirmişdir.
İlham Əliyevin siyasi xadim kimi gücü ondadır ki, o, səngərləri iqtisadi dəhlizlərə çevirməyi bacarır. Bu baxımdan Bakıda ADA Universitetində "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfrans maraqlı və bütün dünya üçün əhəmiyyətli tədbir kimi dəyərləndirilməlidir.
Bu gün Azərbaycanın beynəlxalq arenada oynadığı rol daha da güclənmişdir. Ölkədə mövcud olan dayanıqlı iqtisadiyyat, siyasi sabitlik və dövlətin perspektivləri düzgün proqnozlaşdırması daha uğurlu iqtisadi əlaqələrin və yeni əməkdaşlıq körpülərinin qurulmasına səbəb olmuşdur. Sözügedən tədbirdəki çıxışında İlham Əliyev birinci onu qeyd etdi ki, bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur: "Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir".
Mahiyyət etibarilə Prezidentin dedikləri min illər boyu hamıya bəlli olan sadə həqiqətlərdir. Amma dövlət başçısı hamıya bəlli olan bu sadə həqiqətləri yeni konseptual doktrinaya çevirməklə dövlət quruculuğunda müasir yaşam fəlsəfəsini formalaşdırmışdır. Ümumiyyətlə, Prezident İlham Əliyev əsrlərboyu Azərbaycanda maraqları naminə sərt toqquşmalara qoşulan böyük güclərin hamısını uzaqgörən müdrikliklə əməkdaşlığa cəlb edə bilmiş, sülh körpüləri salaraq yeni iqtisadi dəhlizlər yaratmışdır. Onların sırasında Orta dəhliz Şərq dövlətlərinin beyin məhsulu kimi xüsusi gücə malik olub, qeyri-adi əhəmiyyət kəsb edir.
Uzun illər boyu bu dəhlizlərin hər birinin yaranması üçün Azərbaycanda və ondan kənarda çox mühüm qərarlar verilmiş, böyük vəsaitlər xərclənmişdir. İlham Əliyev: "Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda "Şimal-Cənub" dəhlizi kimi digər nəqliyyat layihələri "Şərq-Qərb" dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır".
Azərbaycan bu istiqamətdə mühüm addımlar atır - qatarların sürətinin artırılması üçün yeni yollar tikir, nəqliyyat infrastrukturuna sərmayə yatırır. Hava yükdaşımaları önə çəkilir, dəniz ticarət limanında yüklərin qəbulunun 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi zərurəti yaranır.
Bu gün isə Orta dəhliz, demək olar ki, bütün dünyanın diqqət mərkəzindədir. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları bütün ölkələrin Xəzər regionuna daha dərin inteqrasiya olunmasına imkan verir. O cümlədən Azərbaycan Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Ələt Dəniz Ticarət Limanında onlar üçün xüsusi yer ayrılmış, türkmən qazı ilə bağlı svop əməliyyatlarına start verilmişdir. Prezidentin dediyi kimi, tamamilə yeni olan mövcud boru kəməri sistemi genişləndirilməlidir. "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri iki il əvvəl tamamlansa da, bu gün həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması gündəmə gəlir. Bunun üçün bütün pay sahiblərinin birləşməsinə və sərmayələrinə ehtiyac duyulur. Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alsaq, vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı yaranmışdır. Tutumu 3 milyard kubmetr olan boru kəmərinin açılışı Azərbaycan üçün maraqlıdır. Eyni zamanda bu yay Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün anlaşma memorandumu da imzalanmışdır.
Prezident İlham Əliyev Orta dəhlizə münasibətini belə izah edir: "Azərbaycanda bütün nəqliyyat layihələri - istər "Şərq-Qərb", istər "Şimal-Cənub" dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - hər şey hazırdır. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Bu, belədirmi? Xeyr. Lakin biz müsbət dinamika görürük. Məsələn, təxminən bu yaxınlarda iştirak etdiyim beynəlxalq tədbirlərdən birində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi ilə bağlı razılıq imzalandı. Bu layihə uzun illər dayandırılmışdı. İndi isə hər kəs başa düşür ki, yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var. Ona görə də bildiyim qədəri ilə Çin tərəfindən maliyyələşdirilən bu layihə daşımalara əhəmiyyətli dərəcədə töhfə vermək üçün böyük imkana malikdir".
Bu sırada Pakistanın Qvadar limanının böyük beynəlxalq qovşağa çevrilməsini qeyd etmək lazımdır. Bu limanın Azərbaycandan keçən dəhlizlərə birləşməsi sadəcə tarif məsələlərinin dəqiqləşdirilməsi və uyğunlaşdırılması ilə bağlıdır. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında fəal əməkdaşlıqda Gürcüstan da öz yerini tuta bilər.
Ən vacib bir məqam ondan ibarətdir ki, ölkəmizin nəqliyyat şirkətlərinin səyləri cəmlənərək bir nöqtəyə fokuslanmışdır. Dəmir yolları, dəniz limanı, Xəzər dəniz gəmiçiliyi və bura aidiyyəti olan digər qurumlar arasında tam koordinasiya yaradılmış və bu münasibətlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.