Statistik göstəricilərə əsasən, əhalinin istehlak xərclərinin 21 faizi pullu xidmətlərə, 79 faizi isə ərzaq və qeyri-ərzaq mallarının alınmasına yönəlir. Halbuki inkişaf etməkdə olan ölkələrdə pullu xidmətlərin istehlak xərclərində payı orta hesabla 40 faiz, inkişaf etmiş ölkələrdə isə 60 faiz və hətta daha yüksəkdir.
Bu kontekstdə sual yaranır: Azərbaycanda pullu xidmətlərə ayrılan vəsaitin ümumi istehlak xərclərində payının nisbətən aşağı olmasının əsas iqtisadi və sosial səbəbləri nələrdir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayevanın fikrincə, pullu xidmətlərin ümumi istehlak xərclərində payının nisbətən az olması bir sıra sosial-iqtisadi amillərlə, o cümlədən iqtisadi inkişaf səviyyəsi, əhalinin gəlirlərinin azlığı, bəzi xidmətlərin dövlət tərəfindən subsidiyalaşdırılması, istehlak vərdişləri, mentalitet və s. səbəblərlə bağlıdır.
Onun sözlərinə görə, əsas səbəb isə əhalinin gəlirlərinin azlığıdır:
“Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda 2023-cü ildə minimum əməkhaqqından aşağı əməkhaqqı alanların xüsusi çəkisi 2,4%, minimum əməkhaqqı səviyyəsində (345–400 manat) maaş alanların xüsusi çəkisi 25,2% olub. Müvafiq ildə 1000 manata qədər maaş alanların xüsusi çəkisi 77% təşkil edib. Deməli, ölkədə məşğulların əksəriyyəti 1000 manata kimi əməkhaqqı alanlardır. Bu statistik rəqəmlər əhalinin gəlirləri ilə bağlı vəziyyəti qismən də olsa qiymətləndirməyə imkan verir”.

Ekspert bildirib ki, inkişaf etməkdə olan ölkələrdə, o cümlədən respublikamızda əhalinin gəlirlərinin böyük hissəsi zəruri tələbatların (ərzaq və qeyri-ərzaq mallarının alınmasına) ödənilməsinə sərf olunur:
“Gəlirlər artdıqca insanlar xidmətlərə (təhsil, istirahət, turizm, mədəniyyət və s.) daha çox vəsait ayırırlar. Azərbaycanda ev təsərrüfatlarının istehlak xərclərinin təhlili göstərir ki, 2024-cü ildə ailələrin istehlak xərclərinin tərkibində qida məhsullarına sərf olunan vəsaitin xüsusi çəkisi 43,5 faiz olub. Lakin bu göstərici 2001-ci ildə təqribən 70%, 2010-cu ildə isə 49% təşkil edib. Sevindirici haldır ki, bu nisbət ildən-ilə azalır. İnkişaf etmiş və həyat səviyyəsinin yüksək olduğu ölkələrdə bu göstərici 10–15%, postsosialist ölkələrində 25–45%, postsovet ölkələrində isə 30–50% təşkil edir".
R.Abdullayeva qeyd edib ki, ümumi istehlak xərclərində pullu xidmətlərin payı iqtisadi inkişaf, o cümlədən sosial rifahın yüksəlməsi nəticəsində zamanla artacaqdır.
Niyaz Hacıyev