“Vüqar Həşimov Memorialı-2022” sona yaxınlaşır
Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnir sona yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, sonuncu yarış günündə blits növündə 9 tur oynanılacaq.
Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına görə, özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valeho Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaracu 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.
Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunub.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin