Aydın səmada ildırım kimi. Azərbaycanın “Turan-Tovuz” klubunun qarşıdakı futbol üzrə Konfrans Liqasının mövsümündə iştirakına buraxılmaması barədə məlumat yayıldı. Səbəb isə 2019-cu ilin sonunda həmin dövrdə birinci divizionda (indiki I Liqa) çıxış edən klubun yeddi futbolçusunun danışılmış oyunlarda iştirak etdiklərinə görə ömürlük futboldan uzaqlaşdırılması olub.
İlk baxışdan bu, köhnə bir hadisə kimi görünə bilər və üstəlik klub artıq UEFA turnirlərində iştirak üçün lisenziya da alıb. Lakin hər şey o qədər də sadə deyil. Çünki UEFA-nın hər bir turnirinin əsasnaməsində Avropanın ali futbol qurumuna müəyyən hallarda klubları öz himayəsi altında keçirilən yarışlardan kənarlaşdırmaq hüququ verən müddəalar mövcuddur. Danışılmış oyunlarla bağlı vəziyyət isə məhz əsas məqamlardan biridir.
Hazırda əlimizdə nə var? UEFA turnirlərində iştirak üçün lisenziya almış klub necə olur ki, sonradan həmin yarışlara buraxılmır?
İlk növbədə, belə bir lisenziyanın alınması üçün nələrin tələb olunduğuna baxmaq lazımdır. Ümumilikdə, UEFA-nın 11 sentyabr 2025-ci il tarixli lisenziyalaşdırma qaydalarına dair sənədinə əsasən altı meyar mövcuddur:
idman meyarları;
sosial və ekoloji davamlılıq meyarları;
infrastruktur meyarları;
kadr və inzibati meyarlar;
hüquqi meyarlar;
maliyyə meyarları.
Bununla yanaşı, meyarlar sərtlik dərəcəsinə görə üç kateqoriyaya bölünür:
A kateqoriyası – məcburi tələblərdir və onlara əməl edilmədikdə lisenziya verilmir;
B kateqoriyası – pozuntu halında sanksiyalar nəzərdə tutulur, lakin lisenziya yenə də verilir;
C kateqoriyası – tövsiyə xarakterlidir və heç bir sanksiya tətbiq olunmur.
Yuxarıda sadalanan meyarların heç biri avrokuboklardan kənarlaşdırılma məsələsinə aid deyil. Lakin maraqlıdır ki, lisenziya almaq avrokuboklarda iştirak üçün hələ kifayət qədər şərt deyil. Məhz burada turnirin – bizim halda Konfrans Liqasının – əsasnaməsinin 4-cü maddəsi qüvvəyə minir.
4.01-ci bənddə belə bir müddəa var:
“Klub danışılmış oyunlarla bağlı istənilən intizam orqanlarında və ya dövlət məhkəmələrində aparılan araşdırmalar barədə, nəticədən asılı olmayaraq, UEFA-nı məlumatlandırmalıdır”.
Bu, çox vacib məqamdır. Çünki klub bu məlumatı təqdim etməyibsə, sonrakı apellyasiya addımlarının mənası qalmaya bilər. Bundan əlavə, bu, ayrıca cərimə və digər sanksiyalara səbəb ola bilər.
4.02-ci bənddə isə qeyd olunur:
“UEFA bütün faktiki hallar və mövcud məlumatlar əsasında əsaslı əminliklə belə nəticəyə gələrsə ki, klub 1 mart 2016-cı il tarixindən etibarən birbaşa və ya dolayı şəkildə oyunun nəticəsinə təsir göstərilməsi və ya danışılmış oyunların təşkili ilə bağlı fəaliyyətlərdə iştirak edib, həmin klub turnirdə iştirakdan kənarlaşdırılır”.
Bildiyimizə görə, “Turan-Tovuz” bu qərardan şikayət etmək üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Məlum olduğu kimi, CAS bəzi işlərə aylarla, hətta illərlə baxa bilir. Lakin bu cür hallarda sürətləndirilmiş prosedur nəzərdə tutulur. Yəni qərar turnir başlamazdan əvvəl qəbul edilməlidir. Ümumilikdə, bu iş mürəkkəb hesab olunmur və kifayət qədər tez həll edilə bilər. Üstəlik, klubun xeyrinə danışan bir sıra mühüm amillər var. Məsələn, klub təşkilat olaraq cəzalandırılmayıb – yalnız futbolçulara sanksiya tətbiq olunubsa, klubun bloklanması üçün formal əsaslar zəif görünür. İkincisi, həmin vaxtdan etibarən klub rəhbərliyi tamamilə dəyişib.
Üçüncüsü, altı ildən artıq müddət ərzində klub yeni pozuntularla gündəmə gəlməyib.
Dördüncüsü, hadisə ölkənin ikinci səviyyəli liqasında baş verib, yəni nəticələrin saxtalaşdırılmasından əldə edilə biləcək fayda məhdud olub. Bundan əlavə, klub avrokuboklara idman nəticələri hesabına vəsiqə qazanıb və bu hüququnun əlindən alınması ciddi əsaslandırma tələb edir.
Həmçinin “ne bis in idem” prinsipi mövcuddur – yəni eyni əmələ görə iki dəfə cəzalandırmaq olmaz. Təqsirli futbolçular artıq fərdi qaydada cəzalandırılıb və klubun əlavə şəkildə cəzalandırılması qeyri-mütənasib hesab oluna bilər. Çox güman ki, UEFA klubun təşkilat olaraq prosesdə iştirak edib-etmədiyi barədə əlavə məlumat və sübutlar tələb edəcək.
Ümumilikdə isə aşağıdakı variantlardan biri mümkündür:
şərtli iştirak icazəsi – gücləndirilmiş monitorinq və əməkdaşlıq öhdəliyi ilə;
heç bir şərt olmadan iştirak icazəsi – əgər klubun təşkilat kimi prosesdə iştirak etmədiyi sübuta yetirilərsə;
bir mövsümlük kənarlaşdırma (4.02-ci bəndə əsasən) – əgər UEFA klubun dolayı iştirakına dair “əsaslı əminlik” əldə edərsə;
CAS-da əlavə apellyasiya prosesi, hansı ki, müəyyən vaxt apara bilər.
Qeyd etmək lazımdır ki, əgər kənarlaşdırma qərarı qüvvədə saxlanılarsa, bu, yalnız 2026/27 mövsümünə aid olacaq. Yəni klub növbəti mövsümdə yenidən avrokuboklara vəsiqə qazansa, onu artıq indiki səbəbə görə yarışlardan kənarlaşdıra bilməyəcəklər.
Yekun qərarın qarşıdakı həftə ərzində qəbul ediləcəyi gözlənilir.
Yalnız ümid etmək qalır ki, vəziyyət "Turan Tovuz"un xeyrinə həll olunacaq. Axı indiki klub və xüsusilə hazırkı komanda 2019-cu ildə baş vermiş hadisələrlə heç bir əlaqəyə malik deyil. Komanda öz gücü ilə avrokuboklarda iştirak hüququ qazanıb və bu hüququnun əlindən alınması ən azı ədalətsiz görünər.
Mənbə: azerisport.com