Türkiyədə baş verən zəlzələdə 100 hərbçi həlak olub
Türkiyənin cənub-şərqindəki Kahramanmaraş mərkəzli zəlzələdə azı 100 hərbçi dağıntılar altında qalaraq həlak olub, 66 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar TRT telekanalının efirində deyib. Onun sözlərinə görə, hazırda iki hərbçinin tapılması üçün əməliyyatlar davam edir.
Müdafiə naziri ordunun zəlzələ bölgəsinə guya gec çıxarıldığı barədə iddiaları da cavablandırıb: “Bu yanaşma ağılla, məntiqlə izah edilə bilməz. Artıq görüntülər də ortaya çıxmaqdadır. Malatya şəhərində saat 05:45-dən etibarən əsgərlərin küçələrdə olduğu, dağıntılara müdaxilə etdiyi, vətəndaşlarla birlikdə olduqları açıqca görünür. Bunun çox nümunələri var”.
Hulusi Akar, həmçinin deyib ki, zəlzələdən zərər çəkən, ailələrini və evlərini itirən suriyalılar öz torpaqlarına qayıdırlar. Hazırda bu rəqəm 30 minə çatır.