Türkiyədəki zəlzələlərdə bir İtaliya vətəndaşı vəfat edib
Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində bir İtaliya vətəndaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, Veneto bölgəsindən olan 60 yaşlı zərgərlik məsləhətçisi Ancelo Zen ailəsi ilə son danışığında zəlzələnin episentri olan Kahramanmaraşda olduğunu bildirib. A.Zenin cəsədi zəlzələ bölgəsində olan İtaliya xilasedicilərinin qoxuya həssas xilasetmə iti tərəfindən müəyyən edilib.
İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani mərhumun ailəsinə məlumat verdiklərini və Türkiyədəki səfirlik vasitəsilə cənazənin ölkəyə gətirilməsi üçün prosedurlara başlandığını deyib.
İtaliya Prezidenti Sercio Mattarella zəlzələ qurbanı olan A.Zenin cəsədinin tapılması ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib və həmrəylik hisslərini ifadə edib.