Bosniya və Herseqovina Türkiyə ilə Suriyaya maliyyə yardımı ayırıb
Bosniya və Herseqovinanın müxtəlif qurumları tərəfindən zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə Türkiyə və Suriyaya maliyyə yardımları ayrılıb.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın “BH Telecom” telekommunikasiya şirkəti Türkiyə və Suriyadakı zəlzələlərdən zərər çəkənlərə 1,5 milyon türk lirəsi yardım göndəriləcəyini açıqlayıb.
Ölkənin iki inzibati vahidindən biri olan Serb Respublikası isə zəlzələlərdən zərər çəkənlərə 1 milyon türk lirəsi yardım göndərəcək. Türkiyə və Suriya xalqına ehtiyac duyulduğu təqdirdə kömək etmək üçün lazımi addımların atılacağı bildirilib.
Bundan başqa, zəlzələlərdə həlak olan Türkiyə və Suriya vətəndaşları üçün Bosniya və Herseqovinadakı, eləcə də xaricdə diaspora məxsus bütün məscidlərdə cənazə namazı qılınıb. Cümə namazından sonra zəlzələdən zərər çəkənlər üçün maddi yardım da toplanıb.