Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq
ABŞ-ın respublikaçılar və demokratlar partiyalarının nümayəndələri ölkənin mənafeyi naminə birgə çalışmalıdırlar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Konqresə “Ölkənin vəziyyəti” haqqında illik müraciəti zamanı söyləyəcək. Onun çıxışından fraqmentləri Ağ Evin mətbuat xidməti yayıb. Məlumata görə, Bayden Konqresdə mübarizə naminə mübarizənin, güc naminə gücün və münaqişə naminə qarşıdurmanın heç nə vermədiyini söyləmək niyyətindədir. Amerikanın ruhunu bərpa etmək, orta təbəqənin timsalında Amerikanın sütununu bərpa etmək, ölkəni birləşdirmək onun əsas baxışlarıdır.
Xatırladaq ki, ABŞ-da 2022-ci il noyabrın 8-də Konqresə seçkilər nəticəsində Nümayəndələr Palatasında demokratlar çoxluğu itirib, ona nəzarət respublikaçılara keçib. Senata nəzarət Baydenin partiya tərəfdaşlarında qalıb.