Gürcüstanda çörək və çörək məhsulları 22 faizdən çox bahalaşıb
Yanvar ayında Gürcüstanda 2022-ci ilin dekabr ayı ilə müqayisədə inflyasiyanın səviyyəsi 0,8 faiz, illik inflyasiya səviyyəsi isə 9,4 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, keçən illə müqayisədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri xeyli artıb. Ən çox qiymət artımı ərzaq və alkoqolsuz içkilər qrupunda müşahidə olunub və qiymət artımı orta hesabla 15 faiz olub.
Son bir ayda tərəvəzin qiyməti 26,5 faiz, çörək və çörək məhsullarının qiyməti 22,8 faiz, qəhvə, çay və kakao 17,1 faiz, süd, pendir və yumurta 16,7 faiz, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr 16,5 faiz artıb. Balıq 13 faiz, qənd və digər şirniyyatlar 12,4 faiz, ət və ət məhsullarının qiyməti 8,7 faiz, yağın qiyməti isə 4,7 faiz bahalaşıb.
Qeyd edək ki, mənzil və digər bir sıra kommunal xərclərdə, notarial sənədləşmə, tibbi xidmət sahəsində də artım müşahidə olunub.