Canet Yellen: Birləşmiş Ştatların borcu ən yüksək həddə çatacaq, “fövqəladə tədbirlər” görülməlidir
Yanvarın 19-da Birləşmiş Ştatların borcu ən yüksək - tavan həddə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellenin Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə göndərdiyi məktubda deyilir.
Canet Yellen bildirib ki, 2023-cü il yanvarın 19-dan etibarən ABŞ-ın ödənilməmiş borcunun qanunla müəyyən edilmiş həddə çatması proqnozlaşdırılır. Mən Konqresi Birləşmiş Ştatların kredit təhlükəsizliyini qorumaq üçün tez hərəkətə keçməyə çağırıram”.
Yellenin sözlərinə görə, ABŞ-ın defoltunun qarşısını almaq üçün “fövqəladə tədbirlər” görülməlidir.
2022-ci ilin sonunda Demokratlar Partiyasını təmsil edən ABŞ Prezidenti Co Bayden ölkənin dövlət borcunun tavanını 2,5 trilyon dollar artıraraq 31,4 trilyon dollara çatdıran qanunu imzalayıb. Beləliklə, potensial defoltun qarşısı alınıb. Yellenin o zaman dediyi kimi, qanun təsdiqlənməsəydi, federal hökumətin işini maliyyələşdirmək üçün lazım olan vəsait çatışmazlığı yarana bilərdi.