Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı COVID-19 məhdudiyyətlərini aradan qaldıracaq
Səudiyyə Ərəbistanı hakimiyyəti 2023-cü ildə Həcc ziyarətinin təşkili zamanı COVID-19 ilə əlaqədar tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracaq.
AZƏRTAC İnterfaks agentliyinə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi elan edib.
“Həcc ziyarətinə gedənlərin sayı koronavirusdan əvvəlki səviyyəyə qayıdacaq və heç bir yaş məhdudiyyəti olmayacaq", - nazirliyin rəhbəri Tofiq əl-Rabia nazirliyin tviter hesabında bildirib.
“Əl-Ərəbiyyə” xatırladıb ki, 2019-cu ildə təqribən 2,6 milyon insan Həcc ziyarətini yerinə yetirib. Lakin pandemiya fonunda krallığın hakimiyyət orqanları 2020-ci və 2021-ci illərdə yalnız məhdud sayda zəvvarın, 2022-ci ildə isə 1 milyon nəfərin Həcc ziyarətinə getməsinə icazə verib. Ötən il yaşı 18-dən 65-dək olan, tam peyvənd edilmiş və ya xroniki xəstəliyi olmayan şəxslər Həcc ziyarətinə gedə bilib.
Qeyd edək ki, bu il Həcc ziyarəti iyunun 26-da başlamalıdır.