Moldova Prezidenti: Neytrallığı qorumaq baş verənlərə biganəlik demək deyil
Moldova Prezidenti Maya Sandu ordunun müasir silahlarla təchiz olunmasını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, Moldova-1 telekanalının efirində bildirib.
Siyasətçi qeyd edib ki, neytrallığı qorumaq demilitarizasiya və ya regionda baş verənlərə biganəlik demək deyil. “Özümüzü müdafiə etməli olduğumuz halda, ordumuz müasir silahlarla təchiz olunmalıdır", - M.Sandu vurğulayıb.
Bundan əvvəl Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ölkənin öz mövqelərini gücləndirmək üçün NATO ilə əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. O, Şimali Atlantika Alyansını “dünyanın ən güclü hərbi-siyasi alyansı” adlandırıb.
Dekabrda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin NATO-nun Moldovaya silah tədarükünün nəticələri barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, bu, fəlakətlə nəticələnə bilər.