Kemerovoda yanğın baş vermiş sığınacaq qeyri-rəsmi fəaliyyət göstərib
Rusiyanın Kemerovo vilayətində yanğın baş vermiş sığınacaq qeyri-rəsmi fəaliyyət göstərib.
AZƏRTAC xəbər verir ki, dekabrın 24-də gecə baş vermiş yanğın nəticəsində 20 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.
İkimərtəbəli şəxsi evin ikinci mərtəbəsində yerləşən sığınacaqda 26 nəfər olub. Soba ilə qızdırılan evin ikinci mərtəbəsi taxtadan, üzlüyü isə penoplastdan olduğundan alov sürətlə yayılıb.
KİV-in yaydığı xəbərə görə, sığınacağı yerli Yevangelik kilsəsinin pastoru Andrey Smirnov icarəyə götürdüyü evdə açıb. Burada ehtiyacı olanlar yataq yeri və qida ilə təmin edilib.
Vilayət prokurorluğu hadisə ilə əlaqədar cinayət işi açıb.