Misir parlamenti Süveyş kanalının satılacağı barədə xəbərləri təkzib edib
Misir parlamentinin sədri Hənəfi Əl-Cəbəli Süveyş kanalı ilə bağlı yayılan feyk xəbərləri təkzib edib.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, parlamentin sədri millət vəkillərinin sorğusuna cavab olaraq yaydığı bəyanatda sosial şəbəkələrdə yer alan yanlış məlumatlara aydınlıq gətirib. O bildirib ki, Süveyş kanalının maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaradılacaq İnvestisiya Fonduna cəlb ediləcək xarici sərmayələr heç də bu mühüm obyektin satılması demək deyil. “Misir Konstitusiyasının 43-cü maddəsinə əsasən, Süveyş kanalı milli sərvətdir və xalqa məxsus olan bu obyekt heç bir halda satışa çıxarıla bilməz”, - deyə Əl-Cəbəli vurğulayıb.
Qeyd edək ki, Misir parlamentinin dekabrın 20-də keçirilən plenar iclasında 1975-ci ildə qəbul olunmuş Süveyş kanalı haqqında qanuna dəyişiklik edilərək Süveyş Kanalı İnvestisiya Fondu təsis edilib. Yeni qanunda fonda xarici investisiyaların cəlb edilməsinə icazə verilir. Ukraynada müharibə ilə əlaqədar ağır maliyyə vəziyyəti ilə üzləşən Misir hökumətinin iqtisadi sahədə mühafizəkar siyasəti yumşaltmaq istiqamətində atdığı bir sıra addımlar kimi, xarici investorların Süveyş kanalının idarəçiliyində iştirakı barədə qərarı da qlobal böhranın təsirlərini azaltmaq məqsədi daşıyır.
Süveyş kanalı bu il Misir iqtisadiyyatına 8 milyard dollara yaxın gəlir gətirib. Cari ilin 11 ayı ərzində bu kanaldan 23 min 400 gəminin keçidi təmin edilib.