Ukraynadan 14 milyon tondan çox kənd təsərrüfatı məhsulu çıxarılıb
Taxıl müqaviləsi çərçivəsində humanitar dəniz dəhlizi vasitəsilə Ukrayna limanlarından 14 milyon tondan çox kənd təsərrüfatı məhsulu çıxarılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildiriblər.
“İndiyə qədər taxılla yüklənmiş 556 gəmi Ukrayna limanlarını tərk edib. İxrac olunan taxılın həcmi 14 milyon tonu ötüb”, - nazirliyin tviter səhifəsində belə yazılıb.
Xatırladaq ki, iyulun 22-də İstanbulda kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə daşınması üçün sənədlər paketi imzalanıb. Müqavilə 120 gün müddətinə nəzərdə tutulmuşdu. Sazişdə iştirak edən tərəflər - Türkiyə, Ukrayna, Rusiya və BMT noyabrın 17-də onu daha 120 gün uzatmaq barədə razılığa gəliblər.