Xəbər lenti
Dəmir yumruq » Dünya » ABŞ-də odlu silahdan ölüm halları rekord səviyyəyə çatıb
Dünya / 2-12-2022, 02:57

ABŞ-də odlu silahdan ölüm halları rekord səviyyəyə çatıb

Birləşmiş Ştatlarda son 31 ildə 1,1 milyondan çox insan qətlə yetirilib



Amerika Birləşmiş Ştatlarında kütləvi insan tələfatı ilə nəticələnən atışmalar qeyri-adi hal deyil. Özəl şəxslər tərəfindən silah satışı, saxlanması və istifadəsi qaydaları federal qanunlarla tənzimlənir.
Federal Təhqiqatlar Bürosunun məlumatına görə, 2021-ci ildə ABŞ-də ictimai yerlərdə atışmaların sayı 2020-ci illə müqayisədə 52,5 faiz artıb. Ümumilikdə, 1990-2021-ci illər arasında 1,1 milyondan çox amerikalı odlu silahdan dünyasını dəyişib.
Ötən il ABŞ-də odlu silahdan ölüm nisbəti son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Bu barədə Harvard Tibb Məktəbinin hesabatını dərc edən "JAMA Network Open" jurnalı məlumat yayıb.
Hesabatda bildirilir ki, 2005-ci ildən bəri ölənlərin sayı durmadan artıb. 2019-cu illə müqayisədə ölüm nisbəti 20 faiz çoxalıb. Odlu silahla öldürülən qadınların sayı 71 faiz, qətlə yetirilən kişilərin sayı isə 45 faiz artıb.
Tədqiqatın müəlliflərinin dediyinə görə, ABŞ-də hər gün 100-dən çox insan odlu silahdan istifadə nəticəsində həlak olur. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, ötən il bu səbəbdən 48,953 nəfər ölüb ki, bu da CDC-nin statistika toplamağa başladığı 1981-ci ildən bəri ən yüksək rəqəmdir.
Məlumatlar göstərir ki, odlu silahdan istifadə nəticəsində ölüm hallarının artması xüsusilə son illərdə sürətlənmişdir. Belə ki, 2004-cü ildə əhalinin hər 100 min nəfərinə 10,1 ölüm, 2021-ci ildə isə artıq hər 100 min nəfərə 14,7, yəni 45,5 faiz çox ölüm düşür. Eyni zamanda 2019-cu ildən 2021-ci ilə qədər COVID-19 pandemiyasının mövcud olduğu dövrdə ölüm hallarının artımı 20 faiz təşkil edib.
Harvard Tibb Məktəbinin əməkdaşı Erik Fliqler qeyd edir ki, pandemiya zamanı ölüm nisbətinin hansı səbəbdən artdığını heç kim dəqiq bilmir, lakin buna təsir edə biləcək bir neçə amil var. Məsələn, pandemiya bir çox insanın iş yerlərini itirməsinə, ailələrin dağılmasına, şəxsi həyatların pisləşməsinə, stress və ruhi xəstəliklərin artmasına, silah satışının çoxalmasına və s. səbəb olub. Belə ki, pandemiyanın başlanğıcında ABŞ-də 393 milyon odlu silah şəxsi əllərdə idi və Amerika ev təsərrüfatlarının 40 faizi buna sahib idi.
Pandemiya zamanı əlavə 7,5 milyon insan silah əldə edib və hazırda əvvəllər silahı olmayan 5,4 milyon ailənin silahı var.
Bundan əvvəl Vaşinqton Universitetinin yaydığı hesabatda qeyd olunur ki, 2019-cu ildə 6 milyondan çox amerikalının üstündə hər gün odlu silah olub. Bu, 2015-ci illə müqayisədə iki dəfə çoxdur.
Bu artım ABŞ-nin daha çox ştatının ictimai yerlərdə silah gəzdirməyi asanlaşdıran qanunlar qəbul etməsi ilə bağlıdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.