Avropada Şengen vizası ilə bağlı problemlər böyüməyə davam edir. Son dövrdə Türkiyə vətəndaşlarının viza müraciətlərində rədd cavablarının artdığı bildirilərkən, bəzi Avropa ölkələrinin müraciət proseslərini daha da sərtləşdirdiyi qeyd olunur.
Musavat.com xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, xüsusilə Almaniya, Fransa, Hollandiya, Belçika, Avstriya, İsveç və Danimarka vizaların verilməsi ilə bağlı daha sərt siyasət tətbiq etməyə başlayıb. Bu ölkələrdə həm görüş tarixlərinin uzandığı, həm də əlavə sənəd tələblərinin artdığı bildirilir.
Xəbərdə qeyd olunur ki, bəzi ölkələrdə müraciət edən şəxslər aylarla görüş növbəsi gözləməli olur. Bundan əlavə, bank hesabı hərəkətləri, gəlir sənədləri və səyahət məqsədini sübut edən əlavə sənədlər daha detallı şəkildə tələb edilir.
Turizm sektorunun nümayəndələri bildirirlər ki, xüsusilə yay mövsümündə viza sıxlığı rekord səviyyəyə çatıb. Bu səbəbdən bir çox insan planlaşdırdığı səyahəti təxirə salmaq məcburiyyətində qalır.
Mütəxəssislər son illərdə Şengen vizası müraciətlərində rədd faizinin də yüksəldiyini bildirirlər. Xüsusilə ilk dəfə müraciət edən şəxslərin daha çox çətinliklə qarşılaşdığı qeyd olunur.
Bəzi ölkələrin qeyri-qanuni miqrasiya və uzunmüddətli qalma riskinə görə daha ehtiyatlı davrandığı vurğulanır. Bu səbəbdən müraciətçilərin təqdim etdiyi sənədlərin uyğunluğu əvvəlki illərlə müqayisədə daha ciddi yoxlanılır.
Turizm şirkətləri və səyahət agentlikləri hesab edirlər ki, viza proseslərinin uzanması həm turist axınına, həm də iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Onlar müraciət proseslərinin sürətləndirilməsi və görüş saylarının artırılması ilə bağlı çağırış edirlər.