Belarusda ordu hissələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə növbəti hərbi hazırlıq tədbirlərinə başlanılıb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Belarusun müdafiə naziri Viktor Xrenin 2026–2030-cu illəri əhatə edən yeni dövlət silahlanma proqramı çərçivəsində ayrılacaq büdcə barədə məlumat verib.
Belarus lideri Aleksandr Lukaşenko ölkə silahlı qüvvələrinin aktiv hazırlığının davam etdirildiyini bəyan edib.
Lukaşenkonun sözlərinə görə, ordunu hər an başlaya biləcək müharibəyə hazır vəziyyətdə saxlamaq üçün ayrı-ayrı hərbi hissələrdə səfərbərlik həyata keçirilir.
Qeyd edək ki, Lukaşenkonun xüsusi göstərişi ilə hələ yanvarın 16-da Belarus qoşunları döyüş imkanlarının genişmiqyaslı və qəfil yoxlanılması üçün "həyəcan" siqnalı ilə ayağa qaldırılıb.
"Söz verdiyim kimi, biz hissələri müharibəyə hazırlamaq məqsədilə onları nöqtəvi şəkildə səfərbər edəcəyik", - deyə o, müdafiə naziri ilə görüşündə bildirib.
Nazir Viktor Xrenin isə öz növbəsində qeyd edib ki, 2026–2030-cu illər proqramının icrası üçün dövlət büdcəsindən ciddi vəsaitlər ayrılıb.
O, həmçinin güc strukturlarına perspektivli kadrların seçilməsinə şəxsən nəzarət edəcəyini vurğulayıb.
Minskin hərbi planları barədə danışan Lukaşenko Belarusun coğrafi şəraitinə uyğun silahlara ehtiyac duyduğunu bildirib. O, ölkə ərazilərinin hərbi əməliyyat meydanına çevrilə biləcəyi ehtimalını nəzərə alaraq, ordunun yerli şəraitə adaptasiya olunmuş texnika ilə təchiz edilməsinin vacibliyini qeyd edib.
Bundan əlavə, Belarus və Rusiya arasında müştərək sərhəd-nəzarət bazasının yaradıldığı təsdiqlənib. Bu qərardan sonra ölkədən çıxışına qadağa qoyulan Rusiya Federasiyası vətəndaşları, xüsusilə elektron çağırış vərəqəsi alan şəxslər Belarus vasitəsilə xaricə gedə bilməyəcəklər.
Demiryumruq.az