ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb.
Demiryumruq.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin feldmarşalı Asim Munir ilə aparılan danışıqlardan sonra belə qərar qəbul edilib.
Tramp bildirib ki, tərəflər İran ərazisinə yönəlmiş “dağıdıcı qüvvənin” qarşısının alınmasını xahiş edib.
Açıqlamada qeyd olunur ki, İran İslam Respublikası Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verib. Bunun qarşılığında ABŞ tərəfi İranın bombardmanını və hücumlarını iki həftəlik müddətə dayandırmağa razılaşıb. Bu addımın ikitərəfli atəşkəs kimi qiymətləndirildiyi vurğulanıb.
Tramp bildirib ki, qərarın əsas səbəbi artıq hərbi məqsədlərə nail olunması və İranla uzunmüddətli sülh sazişi istiqamətində ciddi irəliləyişin əldə edilməsidir. Onun sözlərinə görə, İran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün real əsas yaradır.
ABŞ Prezidenti əlavə edib ki, əvvəlki mübahisəli məsələlərin böyük hissəsi artıq razılaşdırılıb və iki həftəlik fasilə yekun sazişin hazırlanması və həyata keçirilməsi üçün imkan yaradacaq.
Tramp çıxışında Yaxın Şərqdə uzunmüddətli sabitliyə nail olunmasının vacibliyini vurğulayaraq, bu prosesdə iştirak etməyi “şərəf” adlandırıb.