Dəmir yumruq » Dünya » ABŞ İran qarşısında aciz qaldı? - Trampın planı iflasa uğrayır
Dünya / Bugün, 09:41

ABŞ İran qarşısında aciz qaldı? - Trampın planı iflasa uğrayır

 

"ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin dayandırılması yollarını arayır. Çünki, Tramp anlayır ki, quru əməliyyatı olmadan İranı idarə edənlər təslim olmayacaqlar".

Bu sözləri Musavat.com-a açıqıamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, quru əməliyyat ABŞ üçün risklidir, Tramp isə belə bir riskə getmək istəmir:

"Tramp Hörmüz boğazının açılmasının da Amerikanın probleminin olmadığı qənaətindədir. Trampın komanda üzvləri də eyni fikirdədirlər. Bu arada, ABŞ-ın müharibə naziri Pit Heqsetin son mətbuat konfransında Rusiya və Çinin İran dəstəyi barədə söylədikləri diqqəti çəkib. Pit Heqset Moskva və Pekinin İrana hərbi dəstəyinin qarşısının alınmasına işarə edib. Müharibədən əvvəl Rusiya və Çindən İrana böyük həcmdə hərbi texnika çatdırılırdı. Ancaq indi İrana eyni həcmdə hərbi texnikanın çatdırılması problematikdir. Birincisi, İsrail İranın Xəzərdəki limanlarına məhz ona görə zərbələr vurub ki, Rusiya dəniz üzərindən İrana hərbi yük daşımağa risk etməsin. Çin isə müharibədən əvvəl hərbi texnikanı gəmilərlə İrana çatdırırdı. Hazırki müharibə şəraitində bunun də riskləri mövcuddur".

Politoloq qeyd edir ki, müharibənin dayandırılması məqsədilə müxtəlif təşəbbüslər irəli sürülür:

"Məsələn, Çin və Pakistan Yaxın Şərqdə davam edən müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsü ilə çıxış ediblər. Pakistanın xarici işlər naziri İshaq Dar Pekində çinli həmkarı Van İ ilə görüşdən sonra təkliflərini təqdim ediblər. Təkliflərin mahiyyət sadədir: Müharibə, o cümlədən qeyri-hərbi obyektlərə və mülki infrastruktura hücumlar dərhal dayandırılmalı, sülh danışıqları başlanılmalı, İranın və Körfəz ölkələrinin suverenliyi və təhlükəsizliyi nəzərə alınmalı, Hörmüz boğazında gəmilərin hərəkəti üçün istifadə olunan xətlərdə təhlükəsizlik təmin olunmalıdır. Maraqlıdır ki, İshaq Dar Pekinə səfərindən əvvəl İslamabadda türkiyəli, misirli və səudiyyə ərəbistanlı həmkarlarıyla dördlü görüş keçirmiş və müharibənin dayandırlması üçün vasitəçi olacaqlarını bildirmişdilər. Görünür, Çin hakimiyyəti danışıqlar prosesindən kənarda qalmamaq üçün Pakistanın xarici işlər nazirini Pekinə dəvət ediblər. Ancaq Vaşinqton və Tehran nə İslamabadda keçirilən dördlü görüşə, nə də Pakistanla Çinin birgə təkliflərinə reaksiya veriblər".

Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, Vaşinqton Pekinin vasitəçiliyini qəbul etmək istəmir:

"Çinin informasiya resursları Yaxın Şərqdəki müharibəyə birmənalı şəkildə ABŞ-ın siyasətinin səbəb olduğunu vurğulayırlar. Çinin dövlət mediası ABŞ-ı Yaxın Şərqdə müharibə aparan, sabitliyi pozan bir qüvvə kimi təqdim edir. Əsas tezis budur: “ABŞ İrana qarşı müharibəni bölgənin və dünyanın təhlükəsizliyi üçün deyil, hegemonluq üçün başladıb". Çində süni intellekt vasitəsilə hazırlanan son videoda qartal obrazında göstərilən ABŞ təcavüzkar kimi qələmə verilib. Çünki, Pekin anlayır ki, ABŞ-ın Venesueladan sonra İranı ram etməyə çalışmasının əsas hədəfi Çinin gücünü zəiflətməyə çalışmaqdır. Ona görə də Pekin İranın müqavimət imkanlarının artırılmasında maraqlıdır".

Xalidə Gəray


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.