"İranda hakimiyyət dəyişikliyinin baş verdiyi haqqında ABŞ Prezidenti Donald Trampın açıqlaması həqiqətdən tam uzaq deyil. Müşahidəçilərin böyük əksəriyyəti İranda hakimiyyətin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlinə keçdiyi qənaətindədirlər. İranın Ali Rəhbəri Əli Xameneinin öldürülməsindən sonra onun yerinə oğlu Müctəba Xameneinin, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra onun yerinə Məhəmməd-Baqir Zolqədr təyin edilməsi SEPAH-ın iradəsi ilə gerçəkləşib. Xalq tərəfindən seçilmiş yeganə İran rəsmisi olan Prezident Məsud Pezeşkianla SEPAH komandiri Əhməd Vahidi arasında mübahisənin ikincinin qələbəsi ilə başa çatması hakimiyyətin İslam İnqilabı Keşikçiləri Korpusununun rəhbərliyinin əlinə keçməsini təsdiq edən növbəti dəlilidir. Müharibənin təsirləri artdıqca isə SEPAH öz əsgərlərini məktəblərdə gizlədən və ölkə xaricində terror hücumları üçün fürsət axtaran terror təşkilatına çevrilir".
Bunu Medianews.az-a açıqlamasında politoloq Xaqani Cəfərli deyib.
O bildirib ki, ABŞ, Avropa İttifaqı, Kanada, İsveç, Belçika, Litva, Ukrayna, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn tərəfindən rəsmən terror təşkilatı kimi tanınan SEPAH müharibə başladıqdan sonra daha da radikallaşdırıb: "Üstəlik, SEPAH bir sıra generallarını itirsə də, döyüş qabliyyətini saxlayır. Yaxın Şərqdə baş vermiş bəzi presidentlər SEPAH mənsublarının taleyi ilə bağlı indidən düşünmək lazım gəldiyini diqtə edir. Söhbət, İŞİD terror təşkilatını Səddam Hüseyn ordusunun yüksək rütbəli zabitləri tərəfindən İraq diktatorunun devrilməsindən sonra yaratması ilə bağlı presidentdən gedir. Almaniyanın Der Spiegel nəşrinin əldə etdiyi məlumatlardan aydın olmuşdu ki, İŞİD-in ilk xəlifəsi Əbu Bəkr əl-Bağdadi bu vəzifəyə 2010-cu ildə İraqın keçmiş kəşfiyyat zabitlərinin məhdud bir qrupu tərəfindən gətirilib. İŞİD-in strategiyasını isə Səddam Hüseynin dövründə xidmət etmiş İraq kəşfiyyatının polkovnik rütbəli zabiti Samir Əbd Məhəmməd əl-Xlifavi tərəfindən hazırlandığı da Der Spiegel nəşrinin əldə etdiyi sənədlərlə sübut olunub".
X.Cəfərli vurğulayıb ki, bütün bunlar ABŞ və bölgə dövlətlərini SEPAH mənsublarının gələcəyi ilə bağlı indidən düşünməyə vadar etməlidir: "Əks halda İran xaricində 110-dan artıq proksi qüvvənin bağlı olduğu, hər cür terror, təxribat, sui-qəsd törətmək bacarığına malik 200 min üzvü olan bu silahlı qüvvə uzun ilər ətrafa ölüm saçmağa davam edəcək. İranın dağılmasından sonra SEPAH mənsublarından gələ biləcək mümkün təhlükənin qarşısını almaq, ən azından təhlükənin miqyasını önəmli şəkildə azaltmaq üçün İslam İnqilabı Keşikçiləri Korpusunun şəxsi heyyətinin kimlikləri ilə bağlı dəqiq məlumatlara malik olmalıyıq. Bu məlumatlar olmadan SEPAH-ın lüstrasiyası mümkün deyil.
İŞİD-in bir neçə min döyüşcüsünü təcrid etməkdə çətinlik çəkən beynəlxalq birlik 200 minlik daha təcrübəli döyüşçünü neçə təcrid edəcək? Bütün bu suallar İranın dağılıb-dağılmayacağı ilə bağlı sualdan daha çox əhəmiyyət daşıyır. İran hökmən dağılacaq, ancaq SEPAH-ın 200 minlik heyyəti dağılan dövlətlə birlikdə yox olmayacaq".
Nailə Qasımova