İraqın Ənbar əyalətindəki şiə “Həşd əl-Şabi” milisinin komandiri Əl-Həbbaniyyə şəhəri yaxınlığında hava hücumu nəticəsində öldürülüb.
Musavat.com xəbər verir ki, məlumat milisin "Shafaq News" qəzeti tərəfindən yayılan bəyanatında yer alıb. Bəyanatda deyilir ki, milis tərəfdarları hücumda ABŞ-ı günahlandırır: "Ənbar əyalətindəki Həşd əl-Şabi komandiri Səd Dəvai və onun bir neçə tərəfdarı ABŞ-ın onların komandanlıq qərargahına hücumu nəticəsində öldürülüb".
Bu baxımdan, milis qruplaşması İraqın siyasi partiyalarını "ABŞ-ın ölkənin suverenliyini pozması ilə bağlı aydın mövqe ortaya qoymağa" çağırıb. “Həşd əl-Şabi” dəqiq ölənlərin sayını açıqlamayıb, lakin Misirin "Əl-Qahira əl-İxbariya" televiziya kanalının məlumatına görə, hücumda ən azı altı nəfər həlak olub.
Qeyd edək ki, “Həşd əl-Şabi” milis qruplaşmaları İraqda İŞİD-ə qarşı mübarizə zamanı yaradılıb və onun məğlub edilməsində mühüm rol oynayıb. Şiə milis qruplaşması rəsmi olaraq İraq ordusuna daxil edilib, lakin ABŞ “Həşd əl-Şabi”ni İranpərəst bir təşkilat kimi görür, onun Tehran hakimiyyəti tərəfindən maliyyələşdirildiyi bildirilir.