Dəmir yumruq » Dünya » "Hücumlar İrandakı siyasi xaosu daha da dərinləşdirib”
Dünya / Dün, 17:41

"Hücumlar İrandakı siyasi xaosu daha da dərinləşdirib”

 

ABŞ və İsrailin başlatdığı hərbi əməliyyatların doqquzuncu günündə zərbələrin miqyası genişlənərək İranın strateji enerji resurslarını və iqtisadi infrastrukturunu hədəf almağa başlayıb.
 
Demiryumruq.az CNN telekanalına istinadən xəbər verir ki, İsrail aviasiyası İranın əsas neft terminalları və emalı zavodlarına silsilə hücumlar təşkil edib.
 
Agentlik həmçinin rəsmi Tehranın ABŞ-nin Körfəzdəki müttəfiqlərinə, xüsusilə neftlə zəngin Yaxın Şərq ölkələrinə qarşı zərbələr endirdiyini də vurğulayıb:
 
“Sözügedən hücumlar İran daxilindəki siyasi xaosu daha da dərinləşdirib. Belə ki, Prezident Məsud Pezeşkianın qonşu ərəb ölkələrinə qarşı əvvəlki hücumlara görə üzr istəməsinə və gərginliyi azaltmağa çalışmasına baxmayaraq, SEPAH tərəfindən zərbələr davam etdirilir. Ekspertlər İran rəsmilərinin bir-birinə zidd açıqlamalarını Tehran hakimiyyəti daxilindəki dərin fikir ayrılığının göstəricisi kimi qiymətləndirirlər. Hazırda Tehran rəhbərliyi müharibənin ilk günlərində həlak olan, 40 ilə yaxın ölkəyə rəhbərlik etmiş Ayətullah Əli Xameneini əvəz edəcək yeni Ali Liderin seçilməsi üzərində çalışır. Hakimiyyət daxilindəki pərakəndəlik məhz bu varislik mübarizəsi fonunda daha qabarıq özünü büruzə verir”.
 
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da quru əməliyyatları ilə bağlı mühüm mesaj verib.
 
O, həmişə olduğu kimi, Amerika quru qoşunlarının İrana yeridilməsi ehtimalını istisna etməyib:
 
“Amerika quru qoşunları İrana göndərilə bilər, lakin bunun üçün çox ciddi səbəb olmalıdır. Hazırda biz havadan və dənizdən hədəflərimizə uğurla nail oluruq”.
 
Xatırladaq ki, doqquz gündür davam edən intensiv döyüşlər nəticəsində İranın hava hücumundan müdafiə sistemi, demək olar ki, tamamilə iflic edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.