Rusiyada “vətənə xəyanət”, “korrupsiya” və “pedaqoji xarakterli cinayətlər” üçün ölüm cəzasının bərpası təklif edilib.
Musavat.com xəbər verir ki, bu təşəbbüslə “Rusiyanın Kommunistləri” partiyasının sədri Sergey Malinkoviç çıxış edib.
O bildirib ki, partiya bununla bağlı Federasiya Şurasının sədri Valentina Matviyenkoya rəsmi müraciət göndərəcək.
Malinkoviçin sözlərinə görə, söhbət Çin modelindən deyil, SSRİ-nin hüquqi təcrübəsindən gedir:
“Valentina Matviyenko SSRİ dövründə çalışıb və sovet qanunvericiliyinin effektivliyini yaxşı xatırlayır”.
Təklifə əsasən, xüsusilə iri həcmdə korrupsiya ilə məşğul olan şəxslər üçün ölüm cəzası “alternativsiz” olmalıdır. Partiya həmçinin hansı məbləğdən yuxarı korrupsiya hallarında ölüm hökmünün tətbiq ediləcəyinin ayrıca müəyyən edilməsini istəyir.
Təşəbbüs hakim dairələrdə birmənalı qarşılanmayıb. “Vahid Rusiya” partiyasının layihə rəhbərlərindən biri və sabiq prezident Dmitri Medvedevin oğlu İlya Medvedev bildirib ki, Çin modelinin Rusiyada tətbiqi mümkün deyil:
“Çinlə Rusiyanın idarəçilik və mədəni təcrübələri köklü şəkildə fərqlənir, hazır mexanizmləri kopyalamaq mümkün deyil”, - deyə Medvedev qeyd edib. Bununla belə, o bəzən sərt tədbirlərin effekt verə biləcəyini də istisna etməyib.
VTSOM-un (Ümumrusiya rəy sorğu mərkəzi - red.) sorğusuna əsasən, ruslar bu məsələdə vahid mövqeyə sahib deyil: respondentlərin 49%-i ölüm cəzasını “mənəvi cəhətdən qəbul edilən”, 37%-i isə yolverilməz hesab edir, 14% cavab verməkdə çətinlik çəkib. Gənc nəsildə etiraz daha güclüdür: 2000-ci ildən sonra doğulanların 72%-i ölüm cəzasının əleyhinə çıxış edir.
Demiryumruq.az