Trampın “Maduro əməliyyatı” belə görünür, rus şovinist-revanşist dairələrə əlavə qol-qanad verib. Son günlər postsovet ölkələrinin ünvanına hədə-qorxu, şantaj bəyanatları xeyli artıb. “Baş skripka”da çalan isə yenə odur – avantürist açıqlamaları ilə tanınan bədnam telejurnalist Vladimir Solovyov.
Yəhudi əsilli bu təxribatçı növbəti dəfə ağzını açıb, gözünü yumaraq, “Yaxın xaric” ölkələrinə qarşı hərzə-hədyanlar söyləyib. Xüsusən də Ermənistanı, Nikol Paşinyanı hədələyib.
Sitat: “Rusiyanın hazırda nə Suriya, nə də Venesuela ilə bağlı narahatlığına ehtiyac var. Moskva üçün ən vacibi onun yaxın xaricidir (?! – Z.S.). Ermənistanda baş verənlər bizim üçün Venesuelada yaşananlardan daha ağrılıdır. Ermənistanın itirilməsi böyük problemdir. Mərkəzi Asiya problemi bizim üçün böyük problemdir. Biz məqsəd və vəzifələrimizi çox aydın şəkildə ifadə etməliyik. İzah etməliyik ki, oyunlar bitdi”...
Görəsən, bu zat nə çərənləyir? Hansı oyunlar? Qanuni əsaslarla SSRİ tərkibindən çıxan və müstəqillik əldə edib onu möhkəmlətmək bir oyunmu?! On illərdir BMT-nin, digər nüfuzlu beynəlxalq və regional təşkilatların, eləcə də hərbi blokların üzvü olan suveren dövlətlər indi “qondarma dövlətlər”mi oldu? Onları görməzdən gəlmək mümkünmü?
Solovyova görə, mümkündür. “Gəlin beynəlxalq hüquqa tüpürək. Əgər biz milli təhlükəsizliyimiz səbəbindən Ukrayna ərazisində xüsusi hərbi əməliyyata başladıqsa, niyə eyni səbəbə bunu təsir zonamızın digər hissələrində etməyək?”, – deyə Kremlin sadiq tulası 4 ildir Ukrayna bataqlığında çapalayan işğalçı dövlətin əcaib imperialist niyyətinə şəkk-şübhə saxlamayıb.

Azərbaycan və insanlıq düşməni Venesuela hadisəsindən öncə də Cənubi Qafqaz ölkələrini hərbi müdaxilə ilə hədələmişdi. İndi belə bir yaramaza ötən ay Rusiya prezidentinin “Vətən qarşısında xidmətlərinə görə” ordeni şəxsən təqdim eləməsi təsadüfmü? Əlbəttə, yox. “Vətən qarşısında” hansı xidmətlərinə görə? O da məlum. Yəni adam I Pyotra heyranlığını gizlətməyən Putinin sözünü çatdırır hamıya. Odur ki, müvafiq paytaxtlar öz işini bilsin...
Maraqlıdır ki, vaxtilə (2013) Xocalı hərbi canisi Serj Sərkisyan da prezident postunda olarkən ona orden verib. Ermənıstanın “Şərəf Ordeni”ni. Amma hazırda Solovyovun həm ölkəyə girişi, həm də apardığı verilişin orada yayımı qadağandır.
Ölkənin Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan isə son hədələr fonunda Solovyovu “manyak” adlandırıb və onu dövlət mükafatından məhrum etməyə çağırıb. “Ermənistana və erməni xalqına davamlı təhdidlər yağdıran, ölkəmizə faciələr arzulayan, ümumiyyətlə, insanlıqdan uzaq bu adam, Ermənistanın ən yüksək mükafatlarından birinə layiq ola bilməz. Bu bizim üçün rüsvayçılıqdır”, – Akopyan vurğulayıb...
Ancaq “mükafatı” geri almaqla təhlükə sovuşacaqmı? Əsla. Solovyov olmasın, “Bayquşov” olsun, onun digər tayı Karaqanov olsun. Şantaj siyasəti səngiyən deyil. Əsas odur ki, konkret olaraq Cənubi Qafqaz ölkələri ümumi təhlükəyə qarşı birləşə bilsin.
Bu məsələdə ən “zəif həlqə” isə Ermənistandır. O səbəbə ən əvvəl Ermənistan və onun xalqı vaxt itirmədən qonşu Azərbaycan və Türkiyə ilə tam həcmdə əlaqələr qurmalı, qarşılıqlı şəkildə səfirliklər və yollar açılmalı, iqtisadi-ticari münasibətlər, nəhayət, qaydaya salınmalıdır. Yolu bəlli.
Moskvanın yeni şovinist planlarına ən təsirli zərbə məhz bu ola bilər – Gürcüstan daxil, bölgənin güclü və vahid siyasi-iqtisadi -hərbi subyektə çevrilməsi. Əks halda, Rusiya yenə hamını “tək-tək dənləməyə” cəhd edəcək, əgər ona qədər bu imperiya dağılıb gorbagor olmasa...