Dəmir yumruq » Dünya » Paşinyan seçkiləri gözləyir - Konstitusiya dəyişdiriləcək
Dünya / Bugün, 09:45

Paşinyan seçkiləri gözləyir - Konstitusiya dəyişdiriləcək

 

Ermənistanda yeni konstitusiyanın hazırlanması və qəbulu məsələsi gündəmə gəlib. Erməni mediası son günlər bildirir ki, hakimiyyət Azərbaycan və Türkiyənin irəli sürdüyü tələblər çərçivəsində ölkənin əsas qanununu dəyişdirməyə hazırlaşır. Belə olduqda sual yaranır:  sözügedən məsələ ilə bağlı ən tez nə kimi addımlar atıla bilər? Bununla da yekun sülh yaxınlaşırmı?

Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanın konstitusiyası dəyişdirilməlidir.

Onun sözlərinə görə, bu, Azərbaycanın eləcə də, qardaş Türkiyənin tələbidir:

“Çünki konstitusiyada Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Belə olan halda, dayanıqlı sülhdən, təhlükəsizlik sistemindən və sabitlikdən danışmaq çətindir. Lakin Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı Paşinyanın mövqeyi də bir qədər dəyişib. Çünki əvvəlki dövrdə Paşinyan çalışırdı ki, konstitusiya məhkəməsinin qərarını əsas gətirərək konstitusiyanı dəyişməsin. Konstitusiyada heç bir uyğunsuzluğun olmadığını dilə gətirərək manevr etmək istəyirdi. Lakin artıq belə cəhdlər etmək yersizdir”.

 

Politoloq qeyd edib ki, konstitusiyada dəyişikliklər nə qədər tez olsa, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi daha tez imzalana bilər:

“Amma proseslər onu göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra konstitusiya dəyişikliklərini həyata keçirməyə hazırlaşır. Mandat qazandıqdan sonra, etimad formalaşdıqdan sonra Ermənistanda referendum keçiriləcək. Bu, həm də sülh üçün önəmli bir sınaq olacaq. Çünki erməni xalqı yeni konstitusiyaya tərəfdar çıxaraq, həm də dolayısı ilə sülhə tərəfdar olduğunu bildirməlidir”.

Niyaz Hacıyev


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.