Dəmir yumruq » Dünya » Rəhmon niyə Putini həbs etmədi?..
Dünya / Manşet / Bugün, 07:36

Rəhmon niyə Putini həbs etmədi?..

 

Son beş-üç həftədə prezident Tramp çox böyük “oborot” götürdü.  Amma nə Qəzzada, nə də Ukraynada həlledici müstəviyə adlamaq mümkün olmadı. Azmış, ABŞ prezidentinin hətta Nobel sevdası belə gerçək olmadı.

Ona görə lap əvvəl sonuncudan, Nobel məsələsindən başlamaq istərdik. Bilirlisiniz, nə ləzzət elədi? Nobel Komitəsindən daim gileylər olur, xüsusən də sülh sahəsində mükafat daim mübahisələrə səsbəb olur. Amma məlum oldu ki, yeri gələndə Nobel Komitəsinin qərarına heç ABŞ kimi dövlət də təsir edə bilmir. 

Amma prezident Trampı məyus etmək istəməzdik. Qarşıda hələ mükafatlar çox olacaq, səhv etmirəmsə, prezident Karter Nobel mükafatını prezidentlikdən çox-çox sonra aldı. Düzdür, prezident Tramp o qədər gənc deyil ki, oturub on illərlə Nobel komitəsinin qərarını gözləsin, amma qarşıda azı üç il var, hərçənd, bu da çox azdır: hətta elmdə də Nobel kəşflər tamam təsdiqlənəndən, hamı tərəfindən qəbul və etiraf olunandan sonra verilir...

Yaxın Şərqə gəldikdə, dərhal yazmışdıq ki, atəşkəs və əsirlərin mübadiləsi hələ başlanğıcın başlanğıcıdır. Qarşıda bilirsiniz nə qədər problem və mərhələ var? Həm də Qəzza hələ bütün Fələstin deyil axı! Bütövlükdə Fələstin məsələsi həll oluna biləcəkmi? Bax, problem bundadır! Elə bugünlərdə oxuduq ki, Qəzzanı iki zonaya bölmək təklif olunur: bəli, bu gün iki, sabah üç, sonra da heç...

Ukraynada da məsələlər alınmır, bildiyimə görə. Tramp Putini nə sülhə məcbur edə bilir, nə də Rusiyaya qarşı həlledici döyüşə qərar verir. Hələ yalnız sanksiyalardan danışırlar. Amma Moskva hər dəfə onları müxtəlif yollarla dəf edə bilir. 

Bu da hamısı deyildir. Qərb siyasətçiləriniun özləri də etiraf edirlər ki, sanksiyaların özlərində belə onu qəbul edənlər giriş-çıxışlar qoyurlar və Kreml də bundan məharətlə istifadə edir. Həm də Ukrayna məsələsi tək sanksiyaların öhdəsinə buraxılsa, on illəri gözləmək lazım gələcək. 

Qonşu İranı götürün, neçə illərdir sanksiyaların altındadır, amma mollalar hələ də dizlərini yerə qoymurlar. Məgər Rusiyanın resursları İranınkından azdır?.. 

Bir sözlə, Tramp hələ düşünür ki, guya sansksiyalarla Putini nəyəsə məcbur edə biləcək. Gah deyirlər ki, Putin və Tramp filan yerdə görüşəcək, gah Avropanın bəzi səfeh siyasətçiləri buyururlar ki, Rusiya prezidentini görüş yerinə çatan kimi həbs etmək lazımdır! 

Gülünc deyilmi? O boyda ölkənin prezidentini həbs etmək asandır? Adamın gülməyi gəlir: yenə də həmin Avropa “siyasətçi”lərinin bəzisi gileylənir ki, guya Putin Düşənbədə həbs olunmalı idi. Bəli, İmoməli Rəhmon guya Putini həbs etməlidi! Siz Allah, gülməli deyilmi? Putin uşaqdır, nədir? Düzdür, Beynəlxalq Cinayət Məhkəməsi onun haqqında qərar verib, amma adam adi oğrubaşıdırmı ki, beynəlxalq axtarışa verib damlayasan? Ona qalsa, B.Netanyahu qat-qat kiçik ölkənin lideridir, gəl, onu həbs etmək olurmu?..

Qərəz, elə bil dünya tamam məhvərindən çıxıb. Hər şey biri-birinə qarışıb, ipin ucunu tapmaq olmur. Azərbaycanda da bir məsələ Yaxın Şərq məsələsini də, Ukrayna olaylarıını da arxa plana keçirib. Bəli, gündəmi zəbt edən bu məsələnin də geosiyasi məqamları var, ən azı belə iddia olunur, özü də çox ciddi şəkildə. Ona görə də məsələ ilə bağlı ikicə qeydimiz olacaq. 

Bilirsinizmi, ölkədə rusiyapərst qüvvələrin gücə çevrilməsi, özü də təhlükəli dərəcədə gücə çevrilməsi heç də təsadüfən olmadı. Bir ara çox təəssüf, ölkə Rusiyaya tərəf çox meyl etdi. Başa düşürük, müəyyən problemlərin həlli üçün bu da lazım idi, o cümlədən də Dağlıq Qarabağ probleminin həlli üçün: axı Kreml nisbi neytrallıq göstərməsəydi, biz onu həll edə bilməyəcəkdik! 

Amma rusiyapərəst qüvvələr bundan tamam başqa, çox uzağa gedən “nəticə”lər çıxardılar. 

İkincisi, məsələnin geosiyasi tərəflərini qoyaq bir yana. Daxili məqamlara baxaq. Belə hadisələr birinci dəfə baş vermir. Üç ildən, beş ildən bir belə hallar təkrarlanır. Hansısa böyük məmur ona göstərilən etimaddan, ona verilən səlahiyyətlərdən istifadə edərək bir də görürsən az qala, ölkəni dağıdır. Ona görə də gəlin fikirləşək: bəlkə bizim siyasi sistemimizdə hansısa qüsurlar var?..


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.