Dəmir yumruq » Dünya » İsraillə HƏMAS razılaşdı: Qəzzalılar bayram edirlər
Dünya / 9-10-2025, 09:06

İsraillə HƏMAS razılaşdı: Qəzzalılar bayram edirlər

İki ildir davam edən bombardmanlardan yorulan qəzzalılar atəşkəs razılaşmasını qeyd etmək üçün küçələrə çıxıb.

Publika.az xəbər verir ki, oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında İsrail-HƏMAS razılaşmasının birinci mərhələsi ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlayıb.

O, girovların tezliklə evlərinə qayıdacaqlarını, İsrailin isə qoşunlarını “razılaşdırılmış xətt”dən kənara çıxaracağını bəyan edib. Tramp bunu “ərəb və müsəlman dünyası, İsrail, bütün qonşu ölkələr və ABŞ üçün əla gün” adlandırıb.

O, daha sonra “Fox News”a deyib: "Bu, Qəzzadan daha çox, Yaxın Şərqdə sülhdür".

Fələstinin HƏMAS hərəkatının israilli girovlarının (son məlumatlara görə, 20 nəfər) oktyabrın 13-də geri dönəcəyi gözlənilir.

Müqavilə üzrə danışıqlar Qətər, Misir və Türkiyənin vasitəçiliyi, milli təhlükəsizlik müşavirləri və Yaxın Şərq üzrə xüsusi nümayəndələrin iştirakı ilə Misirin Şarm əl-Şeyx şəhərində aparılıb. Plan beynəlxalq təşkilatların, o cümlədən BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında humanitar təşkilatların Qəzza zolağına geniş çıxışını nəzərdə tutur.

Netanyahu razılaşmanı “İsrailin milli və mənəvi qələbəsi” adlandırıb.

HƏMAS razılaşmaları təsdiqləyib, vasitəçi ölkələrə təşəkkür edib və Prezident Trampa göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Eyni zamanda HƏMAS vurğulayıb ki, hərəkat Fələstin xalqının milli hüquqlarından, o cümlədən müstəqillik hüququndan imtina etmir.

Tural


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.