ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş naziri Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Yəməndə müharibəyə son qoymaq üçün davam edən diplomatik fəaliyyət də daxil olmaqla bir sıra beynəlxalq və regional məsələləri müzakirə ediblər.
ABŞ prezidentinin köməkçisi “son bir ildə Yəməndə əhəmiyyətli irəliləyiş” olduğunu qeyd edib. Onun fikrincə, "BMT-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs şəraitində hərbi əməliyyatlar demək olar ki, dayanıb". C.Sallivan ABŞ-ın Ər-Riyadın "müharibəyə son qoymaq" səylərinə kömək etməyə hazır olduğunu açıqlayıb.
ABŞ liderinin köməkçisi və vəliəhd şahzadə "İran və digər ölkələrdən gələn təhdidlərin qarşısının alınmasının vacibliyini" vurğulayıblar. "C.Sallivan ABŞ Prezidenti C.Baydenin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün öhdəliyini bir daha təsdiqləyib", - deyə məlumatda bildirilir.