Boz siçovullar koronavirusu yaya bilər
Amerikalı molekulyar bioloqlar Nyu-Yorkda boz siçovulların 16,5 faizdən çoxunun koronavirusa yoluxduğunu aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Mikrobiologiya Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, bu, gəmiricilərdə SARS-CoV-2-nin yayılmasının monitorinqinin zəruriliyini göstərir.
"Müşahidələrimizin nəticələri virusun heyvanlardan insanlara ötürülməsi riskini azaltmaq üçün siçovulların populyasiyalarına nəzarətin artırılmasının zəruriliyini göstərir. SARS-CoV-2-yə yoluxmuş gəmiricilərdə insanlar üçün əlavə təhlükə daşıyan yeni ştamlar yarana bilər”, - deyə Kolumbiyadakı Missuri Universitetinin professoru Wan Xiufeng bildirib.
COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 təkcə insanların deyil, bir çox digər məməlilərin də orqanizminə daxil ola bilər. Bioloqların son təcrübələri və baytarların müşahidələri göstərir ki, bu məməlilər əsasən meymunlar və pişiklərdir. Xüsusilə, Fransada bu yaxınlarda aparılan bir araşdırmanın nəticəsi ev pişiklərinin təxminən 10 faizinin koronavirusa yoluxduğunu ortaya qoymuşdu.
Professor Wan Xiufeng və onun həmkarları koronavirusun şəhərlərdə yaşayan başqa bir heyvan - adi boz siçovullarda da aktiv şəkildə yayıldığına dair ilk sübut əldə ediblər. Alimlər hələ 2021-ci ilin sonunda Nyu-York şəhərində boz siçovullardan toplanan qan nümunələrini öyrənərkən bunu görüblər. Ümumilikdə, şəhər rəsmiləri Nyu-Yorkun müxtəlif bölgələrində yaşayan onlarla siçovuldan yeni delta və omikron ştammlarına yoluxub-yoluxmadığını müəyyənləşdirmək üçün qan nümunələri götürmüşdülər. Nəticədə məlum olub ki, siçovulların 16,5 faizi koronavirusun müxtəlif variantlarına qarşı anticisimlərin daşıyıcısı olub. Bundan əlavə, alimlər şəhərin müxtəlif yerlərində dörd heyvanın qan nümunələrində virusun RNT fraqmentlərini aşkar ediblər. Bu kəşf bioloqları virusun laboratoriyada siçovulların orqanizminə daxil olub-olmadığını öyrənməyə vadar edib.
Onların təcrübələri təsdiqləyib ki, alfa, delta və omikron ştammları gəmiriciləri çox tez yoluxdurur, onların tənəffüs sistemində aktiv şəkildə çoxalır və çoxlu sayda canlı SARS-CoV-2 hissəcikləri əmələ gətirir. Alimlər belə qənaətə gəliblər ki, pandemiya ilə mübarizə üçün yeni tədbirlər hazırlanarkən bu nəticələr nəzərə alınmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır