Erməni Apostol Kilsəsi, Livan-Antelias mərkəzi və ABŞ-dakı ANCA xətti Paşinyanın sülh kursunu hədəf götürüb
Musavat.com xəbər verir ki, Erməni Apostol Kilsəsi bu gün yalnız dini qurum funksiyası daşımır; onun fəaliyyəti erməni kimliyinin ideoloji formalaşmasından tutmuş, ABŞ və Avropada diasporun siyasi yönləndirilməsinə qədər geniş bir təsir dairəsini əhatə edir. Kilsənin əsas strukturları – Eçmiədzin katolikosluğu və Livanda yerləşən Kilikya Katolikosluğu – reallıqda iki parallel siyasi-ideoloji mərkəz kimi çıxış edir və Ermənistanın daxili siyasi kursuna yön verən ən güclü institutlar hesab olunur.
Eçmiədzin katolikosluğu Ermənistan dövlətinə daha yaxın, rəsmi və nəzarət altında olan xətt kimi tanınır və ABŞ-da Şərq və Qərb yeparxiyalarını idarə edir. Livanın Antelias şəhərində yerləşən Kilikya Katolikosluğu isə Qərb və Yaxın Şərq diasporunun radikal qanadının ideoloji mərkəzi kimi çıxış edir. Məhz Kilikya qanadı “Böyük Ermənistan”, “Sevr müqaviləsi”, “sərhədlərin bərpası”, "soyqırım" kimi maksimalist iddiaları özünün prinsipial hədəfi kimi qoruyur və ABŞ-dakı “prelacy” strukturlarına rəhbərlik edir.
Kilsə ilə birlikdə, ABŞ-dakı erməni lobbi şəbəkəsi də fəaliyyət göstərir. Xüsusilə ANCA və Armenian Assembly of America kimi qurumlar uzun illər ərzində Vaşinqtonda anti-Azərbaycan təşəbbüslərin, “soyqırımı” kampaniyalarının və Qarabağ separatçılarının təbliğatının əsas koordinasiyaçıları olublar. ANCA-nın (Armenian National Committee of America - Amerika Erməni Milli Komitəsi) Kilikya Katolikosluğu və Daşnaktsutyun partiyası ilə sıx əlaqələri var. ABŞ-dakı erməni kilsələri təkcə dini mərkəz deyil, həm də mitinqlərin, siyasi toplantıların və ianə kampaniyalarının təşkil olunduğu platformalara çevrilib.
Bu güc mərkəzləri ilə Ermənistanın hazırkı hakimiyyəti arasında kəskin qarşıdurma formalaşır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq kilsənin dövlət üzərindəki tarixi hegemonluğunu məhdudlaşdırmaq, onu siyasi təsirdən uzaqlaşdırmaq kursu götürüb. 2020-ci il müharibəsindən sonra bu qarşıdurma açıq müstəviyə keçib. Kilsə Paşinyanı “Artsaxı satmaqda”, “erməni torpaqlarından imtina etməkdə”, Azərbaycanla sülh və sərhəd demarkasiyasını qəbul etməklə “milli kimliyi dağıtmaqda” ittiham edir. Paşinyan isə cavab olaraq kilsəni erməni cəmiyyətini iki əsrdir fantastik xəritələrlə manipulyasiya etməkdə, radikal milli ideologiya yaratmaqla dövlət siyasətini əsir almaqda və modern Ermənistanın qurulmasına mane olmaqda suçlayır.
Bu qarşıdurma Ermənistanı iki düşərgəyə bölüb: bir tərəfdə kilsə və diasporun millətçi qanadı, digər tərəfdə Paşinyan və Qərbyönlü islahatçılar yer alır. Diaspor–kilsə blokunun sərt reaksiyasının səbəbi Paşinyanın sülhə yaxınlaşması ilə onların ideoloji dayaqlarının çökməsidir. Sülh müqaviləsi separatizmin təbliğatını, “tarixi torpaqlar” narrativini və diasporun Ermənistan üzərindəki təsirini zəiflədən əsas faktora çevrilir. Bu səbəbdən Eçmiədzin, Kilikya və ANCA xətti Paşinyanın Azərbaycanla normallaşma addımlarını ən təhlükəli proses kimi qiymətləndirir.
Beləliklə, Ermənistan daxilində gedən proses təkcə siyasi mübarizə deyil, həm də dövlətlə kilsə arasında açıq siyasi savaşdır. Kilsə və diaspora Paşinyanın sülh gündəminə qarşı ən ciddi maneə olaraq qalır. Ermənistan hökumətinin kilsənin siyasətə müdaxiləsini məhdudlaşdırmaq cəhdi regionun geopolitik tarazlığını birbaşa təsirləndirir və Cənubi Qafqazda sülhün taleyini müəyyən edən əsas amillərdən birinə çevrilib.
Demiryumruq.az