ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı hazırladığı “sülh planı”nın Kreml tərəfindən qəbul edilməsi göstərir ki, bu sənəd əslində ikitərəfli (ABŞ-Rusiya) razılaşma əsasında formalaşıb. Əgər bu “sülh planı” Ukraynaya qəbul etdirilərsə, Rusiyanın Cənubi Qafqaza yönəlik təzyiqlərinin artması mümkündür. Məhz buna görə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son açıqlamasında 2020–2021-ci illərdə Azərbaycan və Ermənistanla imzalanmış üçtərəfli razılaşmaların qüvvədə olduğunu vurğuladı. Bu bəyanat Kremlin regionda öz maraqlarını qorumağa davam edəcəyinin açıq mesajıdır.
Rusiya Vaşinqtonda imzalanmış üçtərəfli razılaşmaları görməzdən gələrək yalnız öz vasitəçilik formatını ön plana çıxarır. Əgər ABŞ və Rusiya Ukrayna məsələsində müəyyən razılığa gələrsə, bunun nəticəsi kimi Rusiyanın Ermənistana qarşı siyasi təzyiqləri güclənə bilər. Eyni zamanda, Kreml Azərbaycanla üçtərəfli razılaşmalara qayıtmaq üçün də əlavə təzyiq mexanizmlərini işə sala bilər.
D.Trampın “sülh planı” yalnız Ukraynanın əleyhinə deyil — bu plan Rusiyaya əlavə strateji üstünlüklər qazandıraraq onun yeni təsir zonasını formalaşdırmasına şərait yaradır. Rusiya üçün Ukraynadan sonra növbəti hədəf Cənubi Qafqaz ola bilər. Çünki Orta Dəhlizin əsas hissəsi məhz bu regiondan keçir və nəqliyyat-kommunikasiya xətlərinə nəzarət Moskva üçün strateji prioritetdir. Buna görə Rusiya öz mövqelərini zəiflətməyə heç bir halda razı olmayacaq.
ABŞ-ın hazırladığı sülh planı, əslində, Rusiyanın regionda mövqeyini yenidən gücləndirmiş olur. Vaşinqton Ukraynada Rusiyaya müəyyən güzəştə gedirsə, bu cür güzəştlər gələcəkdə Cənubi Qafqazda da təkrarlana bilər.
Bununla belə, Türkiyə faktoru nəzərə alınmalıdır. Həm Azərbaycan, həm Ermənistan belə bir geosiyasi tərtibatla razılaşmayacaq. Gürcüstan isə artıq bir müddətdir ki, Kremlin narrativləri ilə hərəkət edir və bu proses Cənubi Qafqazdakı güc balansını daha da mürəkkəbləşdirir.
Məhəmməd Əsədullazadə,
siyasi ekspert