Tarixdə bu gün mayın 1-də dünyanın bir çox ölkələrində "Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü" kimi qeyd olunur. Tarixi 1886-cı il mayın 1-də Amerikada (Çikaqo) keçirilən və gülləbaran edilən əməkçi nümayişləri ilə bağlıdır. 1889-cu ildə II İnternasionalın Paris konfransının qərarı ilə təsis edilib.
1494 – Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) Iraqın Kərbəla şəhərində anadan olub. Həmin dövrdə İraq Səfəvi dövlətinin tərkibinə daxil idi, əslən türk Bayat tayfasından olan Füzulinin ailəsi buraya Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləıri sırasına daxildir.Şair Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.
1881 - Tanınmış fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub. Əsərləri: "Bəşəri mühit", "İnsan fenomeni".
1900 – Çar Rusiyası hökuməti tərəfindən "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında" qanun verib. Bir qədər sonra bu qanun əsasında Cənubi Qafqaz qubernuyalarında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydalarına dair Əsasnamə verildi.
1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-13.11.1976) anadan olub.
1905 - SSRİ Xalq artisti, tanınmış aktyor Yuri Vladimiroviç Tolubeyev (1905-1979) anadan olub. Filmləri: "Maksimin qayıtması", "Hamlet", "İntervensiya" və s.
1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910 - 1992) Şuşada doğulub. Opera və Balet Teatrında Leyli, Gülnaz, Asya ("Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) və s. partiyalarda çıxış edib. Dövlət Filarmoniyasının solisti olub.
1916 - Amerika kinoaktyoru Qlenn Ford (Glenn Ford - Gwyllyn Samuel Newton Ford; 1916-2006) anadan olub. Filmləri: "Apokalipsisin dörd atlısı", "Supermen", "Bir çəngə möcüzə", "Çoban" və s.
1918 – "Bakı Komissarları Soveti"nin qoşunları Qubaya hücum ediblər. Daşnak Amazaspın başçılıq etdiyi qoşun hissələri komandanlıq etdiyi "Bakı Soveti"nin qoşunları şəhərdə vəhşicəsinə qırğın törədiblər, 200-dən çox evi, məscidləri yandırmış, 3 minədək insanı qətlə yetirmişdilər. Sonrakı günlər Amazaspın quldur dəstələri Quba bölgəsinin 120-dən çox kəndində, o cümlədən dağ yəhudiləri arasında kütləvi qətliamlar şəyata keçiriblər.
1920 – Bakıda Xalq Cümhuriyyəti hökumətini devirəndən sonra bolşevik Rusiyasının ordu hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşıblar. Qısa döyüşdən ordu hissələri şəhəri ələ keçiriblər və Gəncədə də sovet hakimiyyətinin qurulduğu elan edilib. Mayın sonunda isə Gəncədə sovet hakimiyyətinə qarşı üsyan baş verib və o, qəddarlıqla yatırılıb.
1924 - Tanınmış rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: "Çar-balıq", "Qəmli detektiv", "Lənətlənmiş və öldürülmüşlər" və s.
1924 - Tanınmış gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: "Qəm yemə", "Pirosmani", "Veri məhəlləsinin melodiyası".
1929 – Əməkdar jurnalist Sona Bağırova (1929-10.5.2001) anadan olub. Uzun illər "Azərbaycan gəncləri" qəzetində çalışıb.
1934 - Tanınmış yazıçı, dramaturq, ssenarist İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5.1995) Ağcabədi rayonunda anadan olub. "Həsrətin sonu", "Özgə anası", "Kövrək qanadlar", "Küçələrə su səpmişəm", "Yaşıl gecə", "Günəşli payız", "Dədə palıd" və s. kitabların, "Qatarda" pyesinin, "Kişi sözü", "Gümüşgöl əfsanəsi" filmlərinin ssenari müəllifidir.
1936 - Tanınmış dilçi və ədəbiyyatşünas, professor, AMEA-nın müxbir üzvü Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan türk ədəbi dilinin tarixi, türkologiya üzrə dəyərli əsərlərin, dərs vəsaitlərinin müəllifidir. Türkiyə Cümhuriyyətinin Dil, Tarix, Kültür Qurumunun fəxri üzvüdür.
1940 – Xalq artisti, tanınmış müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 1968-ci ildə respublika muğam festivalının qalibi olub. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəridir. "Gecə qatarında qətl" (1990) filmində epizodik rolda (mafiya üzvü) çəkilib.
1941 – Xalq rəssamı Mayis Ağabəyov anadan olub. Əsasən kino və geyim rəssamlığı sahəsində tanınan Mayis Ağabəyov 20-dən çox filmin quruluşçu rəssamı olub: ", "Babək", "Gümüşgöl əfsanəsi", "Nizami", " Qətl günü", "Özgə vaxt", "Nəsimi (Məmməd Hüseynovla birgə), "Həyat bizi sınayır" (Fikrət Bağırovla birgə) və s.
1946 – Bəstəkar Aydın Kərim oğlu Əzimov anadan olub. "Əmanət" musiqili komediyasının (libretto - V.Səmədoğlu), "Qətl günü", "Ümid" filmlərinə musiqinin müəllifidir.
1959 – Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında (Gülnar - "Səni axtarıram", Mərcan - "Evləri köndələn yar"), filmlərdə (Sərvinaz - "Qaçaq Nəbi", Telli - "Bəyin oğurlanması", Sona - "İşarəni dənizdən gözləyin", Gülnarə - "Mənim ağ şəhərim" və s.) yaddaqalan obrazlar yaradıb.
Əməkçi,zəhmətkeş, işçi bayramınız mübarək olsun əziz və hörmətli əsil insanlar!
Fotolar Göyçay rayonu atamla 1 may yürüşündə iştirak etdiyimiz arxivdəndir.