"2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər (xüsusi çəkisi 20,9 faiz) Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib”.
Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
“Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Lakin bu gücü qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır. Biz elə bir dövrdə yaşayırıq ki, təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və hərbi müdafiə ilə məhdudlaşmır. Bu gün təhlükəsizlik həm də informasiya müharibələrinə qarşı mübarizə, kiberməkanda müdafiə, enerji və kommunikasiya infrastrukturlarının qorunması, ictimai sabitliyin və daxili asayişin təminatı deməkdir.
2026-cı ildə təhlükəsizlik büdcəsinin artırılması həm də kibertəhlükəsizlik, sərhəd mühafizəsi, xüsusi xidmət orqanlarının texniki təchizatının yenilənməsi, daxili təhlükəsizlik və fövqəladə hallar sistemlərinin gücləndirilməsi istiqamətlərində atılacaq real addımlar üçün hüquqi və maliyyə bazası yaradacaq”, - o qeyd edib.
A.Nağıyev əlavə edib ki, bu artım müdafiə sənayesinin inkişafına, yerli istehsalın genişlənməsinə və milli texnoloji potensialın yüksəlməsinə xidmət edəcək: “Biz artıq silah və sursat idxal edən yox, müəyyən sahələrdə ixrac potensialı yaradan bir dövlətə çevrilirik.
Unutmamalıyıq ki, təhlükəsizlik - iqtisadi inkişafın, sosial rifahın, vətəndaş məmnunluğunun və dövlətin sabitliyinin əsas təminatıdır. Təhlükəsizliyin zəiflədiyi yerdə nə iqtisadi tərəqqi, nə də sabitlik mümkündür.
Təhlükəsizlik büdcəsinə əlavə vəsait ayrılması dövlətin maliyyə yükünün artırılması deyil, əksinə, millətin təhlükəsiz gələcəyinə qoyulan sərmayədir. Bu baxımdan mən 2026-cı il üçün tTəhlükəsizlik büdcəsinin artırılmasını tam şəkildə dəstəkləyir və hesab edirəm ki, bu qərar dövlətimizin müstəqilliyini, sabitliyini və suverenliyini daha da gücləndirəcək”.