Heykəltaraş Aydın Zeynalov: Hər bir əsərim yaradıcılıq prosesindəki əhval-ruhiyyəyə uyğundur
Bütün əsərlərim mənim üçün əhəmiyyətlidir, çünki onların hər biri gələcək mərhələ, yeni təcrübə, növbəti işimə aparan bir yoldur. Bu səbəbdən mən onları ayırmıram, əsərlərimin hamısı mühüm və qiymətlidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltaraş, Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin və bir çox əsərlərin müəllifi Aydın Zeynalov söyləyib.
Bu yaxınlarda Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının birinci ildönümü ərəfəsində görkəmli dramaturq və ssenaristin Fəxri xiyabandakı məzarının üzərində Aydın Zeynalovun müasir üslubda yaratdığı heykəlin açılışı olub.
Aydın Zeynalov Moskvada anadan olub, orada yaşayır və işləyir, eyni zamanda, təhsil aldığı və uzun müddət qaldığı İtaliya ilə də sıx əlaqələri var. Məhz bu səbəbdən onun heykəllərində İtaliya mədəni irsinin təsiri hiss edilir. Bu ölkənin şəhərlərindəki küçələrdə Aydın Zeynalovun yaratdığı Cakomo Puççini və Cüzeppe Verdi kimi görkəmli şəxsiyyətlərin heykəllərini görmək olar. Eyni zamanda, heykəltaraşın özünün də etiraf etdiyi kimi, o, heç vaxt azərbaycanlı köklərini unutmur və Bakını çox sevir.
Moskva Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq elmləri namizədi, 2000-ci ildən Moskva, Ümumrusiya və beynəlxalq sərgilərin daimi iştirakçısı olan A.Zeynalovun Rusiyada, Azərbaycanda və başqa ölkələrdə fərdi sərgiləri də təşkil olunub. Onunu əsərləri (“Əlində qazan olan qız”, “Bərbər”) Moskva Müasir İncəsənət Muzeyinin fondunda, həmçinin dünyanın bir çox muzey və özəl kolleksiyalarında təqdim olunur, Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb.
Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi 45 yaşlı heykəltaraşın Bakıda ucaldılan birinci monumental əsəridir. O deyir: “Rüstəm İbrahimbəyovun abidəsinin sifarişi onun ailəsindən daxil oldu. Bununla bağlı Fatima İbrahimbəyova (R.İbrahimbəyovun qızı-red.) ilə əlaqə saxladıq və biz birlikdə eskiz üzərində işlədik. Hər ikimiz istəyirdik ki, bu, müasir, hərtərəfli, açıq və perspektivli bir iş olsun. Biz klassika və ya akademizmlə kifayətlənmək istəmirdik. İşə ötən ilin avqustunda başladıq və yaradıcılıq prosesi təxminən 7 ay davam etdi”.
Müəllifin sözlərinə görə, heykəlin üzərində Azərbaycan dilində işlənilən və qəbir plitəsində rus dilində təkrar olunan R.İbrahimbəyovun “Hər bir həyat sonu ölüm olacağı üçün məğlubiyyətdir, lakin onu olduğu kimi qəbul edib həyata gülümsəyə bilmək, bax bu, əsl istedaddır” sözlərini də dramaturqun qızı seçib.
Xarici ölkələrdə həyata keçirəcəyi layihələrdən bəhs edən heykəltaraş qeyd edir ki, son 15 il ərzində onun İtaliya ilə çox sıx əlaqələri yaranıb. Bununla yanaşı, onun əsərlərinə Bayroyt (Almaniya), Raydinq (Avstriya) və Moskvada (Rusiya) rast gəlmək olar. İndi isə Bakıda da yaratdığı heykəl ucaldılıb.
Həmsöhbətimiz deyir: “Yəqin ki, Florensiyada Dostoyevski və Dantenin heykəllərini çox uğurlu adlandırmaq olar. Ancaq əhəmiyyətinə görə daha sadə olan Verdinin heykəli olmasaydı, yəqin ki, irəlidəki uzun yaradıcılıq yolu da olmazdı. Hər şey əhval-ruhiyyədən, vəziyyətdən, müddətdən asılıdır. Hər bir əsər yaradıcılıq prosesində olan şəraitə uyğundur. Yaradıcı yanaşma nöqteyi-nəzərindən və ümumi obyektiv rəy baxımından onların nə dərəcədə uğurlu olduğunu isə sənətsevərlər müəyyən edirlər”.
Əsas hədəfinin nədən ibarət olduğu barədə suala cavab verən A.Zeynalov söyləyir: “Hədəflərim maksimal inkişaf, böyük uğurlar, irimiqyaslı layihələr, əsərlərimin geniş coğrafiyaya yayılmasıdır. Həmişə çalışıram ki, inkişaf, təcrübə qazanmaq, yeni mövqe tutmaq, bacarıqlarımı sübut etmək yolu ilə irəliləyim və bu istiqamətdə də davam edirəm”.
Heykəltaraş hazırda müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin Sankt-Peterburq şəhərində dahi bəstəkarın adını daşıyan xiyabanda ucaldılacaq heykəli üzərində işləyir.