“Oyundan və futbolçularımdan çox danışmaq olar. Sadəcə onları bağrıma basıram, hər birini təbrik edirəm”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə keçirilən cavab oyunu barədə danışarkən deyib.
Bakıda 3:2 hesablı qələbədən sonra İsveçrədə rəqibi ilə qollu heç-heçə edən (2:2) Azərbaycan çempionu növbəti mərhələyə yüksəlib.
50 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Bu gün təkcə oyun yox, yaxşı mübarizə, “Qarabağ”a layiq, inamlı insanlar gördük. Meydanda güclü kollektiv var idi. Matçın əvvəlindən bir az taktiki savaş keçdi, get-gedə döyüşə çevrildi. Hər bir halda futbolçularım buna layiq idilər. Bizə uyğun olmayan rəqibə qarşı oynayırdıq. Bunu əvvəl də qeyd etmişdim. Bu gün də bunun şahidi olduq. Topun havada çox olması bizim üçün xoş deyil. Buna baxmayaraq, futbolçularım bunu bacardı. Bütün “Qarabağ”lıları, azərbaycanlıları təbrik edirəm. “Sürix”ə də gələcək oyunlarda uğurlar arzulayıram”.
- 90+5-ci dəqiqədə qol buraxaraq üstünlüyü əldən verdiniz. Qısa fasilədə futbolçularla hansı söhbətləri etdiniz?
- Bəli, bir az gərgin dəqiqələr idi. Hər şeyi futbol dilində anlatdım. Futbolçularıma güvənirdim. Belə oyunlar futbolçuları, klubu, baş məşqçi kimi məni daha da böyüdür, təcrübəli edir. Bəzən belə matçlarda məğlub olsaq belə, çox məyus olmuram. Çünki bu, futbolun ən maraqlı, stressli dəqiqələrindən biridir. Bu hissləri yaşamaq məşqçiyə, futbolçuya bəzən lazım olur. Futbolçularımın yanında olduğumu dedim və tapşırıqlarımı verdim. Rəqib həddən artıq çox uzun ötürmələrdən istifadə etməyə başladı. Sadəcə, oyunçulara daha diqqətli olmağı tapşırdım. Həmin ana uyğun başqa bir neçə elementlərlə bağlı da fikrimi bildirdim. Bu oyunda da yeni bir təcrübə qazandıq.
- Zədəli futbolçuların durumu necədir?
- Zədəlilərdən Kevin Medinanın durumu ciddiyə oxşayır. Sabah axşam saatlarında Bakıya çatacağıq. Ondan sonra daha dəqiq diaqnoz qoymağa çalışacağıq. Digərləri yorğunluqdan oldu. Elə ciddi bir problem görmürəm.
- Növbəti mərhələdəki potensial rəqibləriniz “Slovan”la “Ferensvaroş” hazırda qarşılaşır. Rəqib olaraq hansını sizin üçün daha uyğun sayırsınız?
- Bizim üçün rəqibin heç bir fərqi yoxdur. İlk raunddan sanki pley-off oyunları gedir. Çünki rəqiblər o qədər yüksək səviyyəlidir. Oyunlarına baxmamışam. Kim olur-olsun, biz daha çox özümüzü düşünməli, oyunumuzu yaxşılaşdırmalıyıq. Düzünü deyim ki, bu barədə o qədər də düşünməmişəm.
- Müasir futbolda sanki baş məşqçilər 5 əvəzetməni oyunu gücləndirmək üçün etmirlər. Siz də bu cür düşünürsünüz, yoxsa əvəzetmələr zamanı oyuna müdaxilə etmək istəyirsiniz?
- Belə oyunlarda 5 əvəzetmə haqqının olması bir az üstünlükdür. Çünki biz avrokuboklara daha tez, komanda optimal formadan uzaq olan vaxt başlayırıq. İlk oyunlarda bəlkə futbolçuların hazırlıqsız olmalarına görə əvvəlcədən bəzi planlarımız olur. Amma get-gedə oyunların gedişatı məcbur edir ki, bu addımları ataq. Həmişə ehtiyatımızı saxlayırdıq ki, bəlkə kimsə zədələnər, həddən artıq yorular və ya əlavə vaxt olar. Bu 5 əvəzetmə hər bir komana üçün böyük üstünlükdür.