Koronavirusun (COVID-19) yeni ştammı Çinin Şanxay şəhərində həyatı iflic vəziyyətə gətirib.
Xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərdə qida məhsulları və dərman qıtlığı yaranıb. Yeni ştammla bağlı tətbiq edilən qapanma həm də ölkə iqtisadiyyatına və bütün qlobal təchizat zəncirinə ağır zərbə vurub. Hazırda dünyanın ən böyük limanı olan Şanxay limanında yanacaq da daxil olmaqla milyardlarla dollar dəyərində yük qalıb.
Bununla belə, karantin rejimi yoluxmaların sayına ciddi təsir göstərə bilmir. Sutka ərzində onminlərlə yeni yoluxma halları aşkar edilir. Şəhər küçələrində hərbçilər patrul çəkir. İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb, müəssisələr bağlanıb. Sakinlər evlərini tərk etmək üçün COVİD-testi verməlidirlər.
Yerli həkimlərə ölkənin bütün bölgələrindən ezam olunmuş 10 min tibb işçisi köməklik edir. Əksəriyyəti simptomsuz olan xəstələr stadionlarda yerləşdirilir. Uzun müddətdir ki, xəstəxanalarda çarpayı yoxdur. Xəstələrlə təmasda olanlar məcburi qaydada özlərini təcrid etməlidirlər.
Ekspertlərin fikrincə, Şanxayda tətbiq edilən qapanma iki həftə ərzində Çin iqtisadiyyatına təxminən 30 milyard dollara başa gələcək.