Xəbər lenti
Dəmir yumruq » Manşet » DYP hava şəraiti ilə bağlı müraciət edib
Manşet / Cəmiyyət / 3-03-2022, 14:34

DYP hava şəraiti ilə bağlı müraciət edib

DYP hava şəraiti ilə bağlı müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli və yağışlı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

İdarədən daxil olan müraciətdə deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün gecədən başlayaraq martın 5-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
BDYPİ xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı məsuliyyətli və şəfqətli davranmağı xahiş edir: "Xatırladaq ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin texniki vəziyyətinə, o cümlədən şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək, mümkün qədər günün işıqlı vaxtı yola çıxmaq, sürət həddini düzgün seçmək, ara məsafəsini normadan artıq saxlamaq, eləcə də zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlərdən və kəskin tormozlamadan çəkinmək avtonəqliyyat vasitələrində hərəkət zamanı təhlükəsizliyə zəmanət verən amillərdir".

Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Piyadalara isə küləkli və yağışlı havalarda daha da məsuliyyətli olmaq, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmək tövsiyə olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.