Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev keçən il yanvarın 25-də Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı çoxmənzilli binada baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşüb. Xatırladaq ki, güclü partlayış nəticəsində 5 mənzil tamamilə dağılmış, qarşıdakı 80 mənzildən ibarət çoxmənzilli yaşayış binasında 40-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşmüşdü.
Həmin ünvanda keçirilən görüşdə çoxmənzilli binada təmir-bərpa işlərinin başa çatdığı, zərərçəkmiş ailələrin öz mənzillərinə qayıtdıqları bildirilib. Qeyd olunub ki, mənzilləri tamamilə dağılmış 5 ailə üçün çoxmənzilli yaşayış binasının qarşısında iki mərtəbədən ibarət binanın tikintisi, çoxmənzilli binada mətbəxi yararsız vəziyyətə düşmüş bir ailə üçün isə növbəti mərhələdə mətbəxin yenidən inşası nəzərdə tutulur. Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə bildirilib ki, iki mərtəbədən ibarət binanın tikintisi üçün təklif olunan ərazinin ölçüləri şəhərsalmanın əsaslandırılması layihəsinin işlənməsi üçün yetərli (tələbləri ödəmir) deyil və bu səbəbdən məsələ açıq olaraq qalmaqdadır.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev aidiyyəti dövlət qurumları ilə yazışmaların davam etdiriləcəyini və problemin həlli istiqamətində mümkün variantları araşdıracaqlarını bildirib.
X X X
Abdin Fərzəliyev Xırdalan şəhərində istifadəsiz qalmış və yararsız hala düşmüş Şahmat Məktəbinin mövcud durumu ilə tanış olmaq məqsədilə binaya baxış keçirib.
Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev Şahmat Məktəbi haqqında ətraflı məlumat verərək bildirib ki, 2014-cü ildə inşa olunan binanın yararsız vəziyyətə düşməsinin səbəbi yaxınlıqda olan atraksiondakı suyun sızması və suyun dəyişdirilməsi ilə əlaqədardır. Belə ki, akraksiondakı su dəyişdirilən zaman böyük həcimli su kütləsi Şahmat Məktəbinin bünövrəsinə axmış və bunun nəticəsində məktəbin döşəməsi çökmüşdür. Şahmat Məktəbinin iki dəfə əsaslı şəkildə təmir olunmasına baxmayaraq sözügedən atraksionun suyunun üç dəfə dəyişdirilməsi ilə məktəb yenidən yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq RİH başçısından sözügedən atraksionun ərazidən uzaqlaşdırılması və Şahmat Məktəbinin yenidən təmir olunmasında köməklik göstərilməsi xahiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məsələnin araşdırılması və təmir-bərpa layihəsinin hazırlanması istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.