Xəbər lenti
Dəmir yumruq » Manşet » Qərb mediası özünü yandırır, hücum davam edir... Niyə?
Manşet / Dünya / 16-02-2022, 18:45

Qərb mediası özünü yandırır, hücum davam edir... Niyə?

Qərb mediası özünü yandırır, hücum davam edir... Niyə?

Rusiya ətrafında çox ziddiyyətli və inanılmaz oyun gedir. Bu oyunda kollektiv Qərb bütün resurslarını xərcləyir: kəşfiyyat xidmətləri, böyük ölkələrin liderləri, media qurumları...

Heç cür anlamaq olmur ki, ABŞ və ya Britaniya kəşfiyyatı niyə israrla 16 fevralda Rusiyanın hücum edəcəyini deyirdi; heç cür anlamaq olmur ki, adi xəbəri 3 mənbədən dəqiqləşdirən və heç vaxt feyk-xəbər yaymayan dünyaca məşhur nəşrlər niyə 16 fevral tarixində Rusiyanın hücum edəcəyini əminliklə yazırdı?!

Hətta bu xəbərlər yayılanda belə gerçək olmadığı aydın idi, ancaq buna baxmayaraq, Qərb mediası israrla feyk-xəbərləri bir-birinin ardınca tirajlayır. Hətta saatına qədər yalan yazırlar və bu xəbərlər doğrulmadıqda heç nə olmamış kimi davam edirlər.

ABŞ başda olmaqla, dünyanın aparıcı ölkələrinin Kiyevdəki səfirliklərini Lvova köçürməsi, köç zamanı sənədlərin yandırılması, telefon xətlərinin sıradan çıxarılması və səfirlik binalarının diplomatik istifadə üçün yararsız hala salınması anlaşılmazdır.

Rusiya sanki qəsdən Qərb kəşfiyyatını yanıldır: bir tərəfdən Donbasla sərhəddə 120 minlik ordu saxlayır, digər tərəfdən Belarusa təlim adı ilə 30 minlik ordu atır, Krıma irihəcmli texnika göndərir və... 16 fevral öncəsi Krımdan texnikanı çıxardır, Belarus təlimləri başa çatmamış hərbi hissələrin tədricən əvvəlki dislokasiya yerinə qayıtmasını əks etdirən görüntülər paylaşır. Amma Donbasla sərhəddən ordunu geri çəkmir. Bütün qışı soyuq və şaxtaları 120 minlik rus ordusu çadırlarda keçirməyə məcbur edilir.

Ukrayna da Donbas istiqamətində 125 minlik ordu cəmləşdirir və o da ordunu geri çəkmir!

Rusiyanın hücum etməyəcəyi barədə sıradan politoloqların əminliyi olsa da, Ukrayna Ali Radasının deputatları 16 fevral öncəsi ölkədən çıxıb harasa “istirahətə” gedir və Ukrayna lideri Zelenski onları “Vətənin ağır günündə” ölkəyə qayıtmağa çağırır.

Qərb Ukraynadan qaçqın axınına hazırlaşır və əslində Ukraynadan gedənlər də az deyil. Demək olar ki, əksər ölkələr – hətta İraq da öz vətəndaşlarına Ukraynaya getməmək çağırışı edir, Ukraynadan külli miqdarda sərmayə axır. Rusiyadan da sərmayə axını sürətlənib.

Rusiya neft qiymətləri ilə qaçan sərmayəni kompensasiya etməyə çalışır, Ukraynaya isə AB ölkələri ciddi maliyyə dəstəyi göstərməklə itkilərini doldurmağa çalışır. Hər tərəf itirir, ancaq nə Qərb “hücum” israrından əl çəkir, nə də Rusiya Ukrayna sərhədlərinə düzdüyü ordunu geri çağırmaqla bu informasiya manipulyasiyalarına zərbə vurur.

Rusiya taktikanı dəyişir – artıq Ukraynaya hücum etməyəcəyi dəqiqdir. Luqansk və Donetsk “xalq respublikaları”nın tanınması üçün Dövlət Duması qanun layihəsi qəbul edib, Putinə müraciətə hazırlaşır, Putin isə bunu “deputatların xalqın çağırışına həssas yanaşması” kimi dəyərləndirir və bu iki qondarma qurumu tanıyacağını dolayısı ilə elan edir.

Əvvəldən belə bir ssenari vardı – bu, əslində Rusiyanın “A Planı”dır. “B Planı” – yəni Rusiyanın hücum variantı heç vaxt olmayıb. Donbasla sərhədə düzülən ordu Donbas separatçılarının “müstəqilliyinin” tanınması üçün sanki zəmin hazırlayırdı: Ukraynanı və bütün dünyanı müharibə ilə qorxutmaq, ukraynalı deputatların belə yuxusunu ərşə çəkmək, sonda isə separatçıları tanımaqla son zərbəni vurmaq.

Bu plana Qərb ölkələri nə qədər mümkündürsə, o qədər də töhfə verdilər, Ukrayna inadla hücum olmayacağını bildirsə də, səsi eşidilməz oldu. ABŞ səfirliyini Polşa sərhədinə köçürməklə Putinin əlinə oynadı.

Sanki ABŞ-Rusiya razılaşması var; sanki bir-birinin əlinə oynamaq üçün eyni ssenari üzrə hərəkət edirlər. Gərginlik o həddə çatdırılır ki, Ukrayna qondarma qurumların “müstəqilliyini” Rusiyanın tanımasına dözür, Rusiya isə digər ərazilərin NATO-nun təsir dairəsinə düşməsi ilə hesablaşır...

Dünya ikiyə bölünür

ABŞ Avropanın Rusiyadan enerji asılılığını bitirmək istəyir – daha doğrusu, öz bahalı maye qazını Avropa bazarlarına çıxarmaq üçün imkan qazanır. Amma bunun Rusiyaya zərəri yoxdur – Kremlin qazı satmaq üçün Çin kimi nəhəng bazarı var.

Dünya cəbhələşir – ABŞ Avropada mümkün qədər daha çox ölkə ilə siyasi, iqtisadi və hərbi birliyini maksimum dərəcəyə çatdırır, Rusiya da Avropadan əlini üzüb, şərqə istiqamətlənir. Bu iki qütb arasında getdikcə siyasi-iqtisadi əlaqələr tam zəifləyir və “İki dünya” yaranır, sonra bu “İki dünya”nın digər kiçik ölkələri udması prosesi başlayır.

Artıq başlayıb...

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.