2022-ci ilin yanvar ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı ərzaq və qeyri-ərzaq məhsulları, həmçinin xidmətlərin dəyərində baş verən dəyişikliklər barədə məlumat verilib.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, 2022-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları aylıq müqayisədə 2,6 faiz bahalaşıb.
Ərzaq məhsullarından çörək, un, qarabaşaq yarması, makaron məmulatları, qoyun, mal və toyuq əti, təzə və dondurulmuş balıq, pendir, kəsmik, xama, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü süd, kərə yağı, nar, heyva, naringi, xurma, banan, alma, armud, xiyar, pomidor, balqabaq, kartof, soğan, sarımsaq, mərci, şəkər və şəkər tozu, konfetlər, kakao tozu, limonad, pivə, araq, tütün məmulatları bahalaşıb.
Yumurta, portağal, kələm, çuğundur və yerkökü isə ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyri-ərzaq məhsulları isə əvvəlki aya nisbətən 0,8 faiz bahalaşıb.
Belə ki, parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, televizorların, notbukların, paltaryuyan maşınların və toz şəklində sintetik yuyuсu vasitələrin qiymətləri artıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 1 faiz artıb.
Poçt vasitəsilə bağlamaların göndərilməsi haqlarında, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində artım var.
Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə azalma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.