Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəfin bioqrafiyası maraq doğurub.
“Qafqazinfo” xəbər verir ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Bakı şəhərində anadan olub. O, 2001-ci ildə İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib.
2007-2008-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlayıb.
O, xaricdəki təhsilini SOCAR-ın təqaüd proqramı çərçivəsində alıb.
Rövşən Nəcəf 2008–2009-cu illərdə SOCAR-ın (ARDNŞ) Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009–2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf nazirinin köməkçisi olub.
Növbəti 8 il ərzində (2010–2018-ci illər) "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
2018-ci ilin mayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bir il sonra, 2019-cu il avqustun 28-də Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
2020-ci il fevralın 11-də iqtisadiyyat nazirinin müavini, 2021-ci il dekabrın 24-ü isə iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir. O, həmçinin İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Evlidir, 2 övladı var.