Xəbər lenti
Dəmir yumruq » Manşet » “Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
Manşet / Hadisə / 9-02-2022, 16:32

“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı

“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı

“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı
“Qışın oğlan çağının” Novruz müjdəçisi - Xıdır Nəbi bayramı

Qədim diyarımız Naxçıvanda el təqvimi ilə keçirilən bayramlardan biri də Xıdır və ya Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü qeyd edilir.

Öz müsahibəsində AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov deyib ki, Kiçik çillə yanvarın 31-dən fevralın 19-na qədər olan dövrü əhatə etdiyindən Xıdır bayramı fevralın 9-da Kiçik çillənin yarı olduğu gündə keçirilir. Maraqlı burasıdır ki, muxtar respublikanın bəzi şəhər və kəndlərində bu bayram fərqli günlərdə keçirilir.

Qədim türk inancı

Bayramın nəyə görə məhz fevralda, qışın ən sərt vaxtında keçirilməsinə aydınlıq gətirən Asəf Orucovun sözlərinə görə, qışın ən çətin dövründə, insanların tədarük gördükləri ərzaq, yem, yanacaq ehtiyatının azaldığı vaxt Xızır Peyğəmbərin çağırılması onun yardımına böyük ehtiyacla bağlıdır. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan, istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevralın 9-u qeyd olunmalıdır.

Bayram təlaşı

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri qeyd edib ki, bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır gəlməz, Xızır gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz. Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər.

Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) də keçirilir. Qovurulmuş buğdadan (qovurğadan) qovut hazırlanır, yəni qovurğa kirkirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovutu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edib ovurlar.

Qovurğa ilə bərabər bayram günü badam, noxud, günəbaxan tumu qovurulur, hazırlanan qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Plov (aş) süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Çox təəssüf ki, hazırda bu adətlərin bir qismi icra olunmur. Asəf Orucov bildirib ki, Xıdırda plov hazırlamaq, şam yandırmaq adəti Naxçıvan Muxtar Respublikasının bütün bölgələrinə xas deyil.

Xıdırın payını kəsənin ayağı yerə çatmır

Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib, torba, papaq atır, Xıdırın payın yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:

Xıdıra xıdır deyərlər,

Xıdırın payın verərlər.

və yaxud:

Çatma, çatma çatmaya,

Çatma yerə batmaya.

Xıdırın payın kəsənin

Ayağı yerə çatmaya.

Bir torbanın sirri

Adətə uyğun olaraq, torbalara müxtəlif növ şirniyyat, çərəzlər qoyulub uşaqları yola salırlar. Culfa bölgəsində (Ləkətağ, Saltaq kəndləri) mal-qaranın yemi, insanların özlərinin ərzaqları qurtardıqda Xıdır Nəbi bayramında evin bacasından ipə bağlanmış corab sallayar, mal-qara üçün yem, özləri üçün ərzaq istəyərdilər. Toyuğu, cücəsi olmayanlar, ipin ucuna lələk bağlayıb, toyuq-cücəsi çox olanların evinin bacasından içəri sallayardılar. Ev yiyəsi də həmin adamın nə istədiyini bilib, torbaya toyuq qoyub geri qaytarardı. Demək olar ki, Xıdır Nəbi bayramı çətinliklərdən qurtarmaq, darda qalanlara kömək, bərabərlik anlamında keçirilən əsl milli bayramdır.

Uğur gələcək, bolluq, bərəkət olacaq, arzular həyata keçəcək

Asəf Orucovun topladığı etnoqrafik materiallardan aydın olur ki, qovut çəkməklə yanaşı, bəzi kəndlərdə bayram gecəsi xəşil də bişirib yük yığılmış taxtın altına qoyurlar. Çəkilmiş qovutdan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xızır Peyğəmbər gecə gəlib xəşilə barmağını, qovuta isə əlini basacaqdır. Xızırın atının ayaq izinin qovuta düşdüyünə inanılır. Səhər xəşilin, qovutun üzərində müəyyən iz olsa, bunu Xızırın əlinin, barmağının və ya atının ayaq izi hesab edirlər. İnama görə, belə qovut şəfaverici xüsusiyyətlərə malik olur. Deyirlər ki, bu il həmin evə uğur gələcək, bolluq, bərəkət olacaq, arzular həyata keçəcək.

Qəcələnin “insafı” və ya muncuq axtarışı

Digər bir inanca görə, bayram günü xəşil bişirilib qalağın üstünə qoyulur. Əgər qəcələ (dolaşa) gəlib xəşildən bir dimdik götürüb uçub getsə, həmin evin qızı bu il özgə kəndə, əksinə, yerə salarsa, öz kəndinə ərə gedəcək. Başqa bir inancda da deyilir ki, xəmirin içinə muncuq qoyulub kökə bişirilir, o muncuq kimin payının içindən çıxarsa, demək, həmin insan tezliklə istəyinə çatacaq. Sarıqamış çərkəzlərində də Hıdır-Elləzdə duzlu çörək yapılır. Bu çörəyin bir hissəsini subay qızlar yeyər, qalan hissəsini isə yastığının altına qoyub yatarlar. İnanca görə, qız ailə quracağı oğlanı yuxusunda görər. İkinci günü çörəyin qalan hissəsini qarğaların yeyə biləcəyi yerə qoyarlar. Sonra qarğanın çörəyi götürüb hara gedəcəyinə baxıb qızın da o tərəfə gedəcəyinə inanarlar.

Çeçələ barmağın xınası

“Toplanmış etnoqrafik materiallardan məlum olur ki, bir sıra kəndlərdə (Qıvraq, Kükü, Yuxarı Qışlaq) Xıdır bayramı günü xına yaxmaq adəti var. Qızlar, gəlinlər bütün barmaqlarına, oğlanlar isə çeçələ barmaqlarına xına yaxarlar. Hazırlanmış xınadan bir qab pay götürüb (Xıdır payı) bayıra qoyurlar ki, Xızır gəlib əlinə yaxsın”, - deyən Asəf Orucov deyib ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir. Naxçıvanda da həmin günü xınanın qoyulması sərt qışın, ağır günlərin artıq arxada qaldığı, qarşıdan xoş günlərin, istiliyin gəldiyi anlamını verir.

“Xıdır payı”

Onun sözlərinə görə, Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə “Xıdır payı” aparmaq adəti geniş yayılmışdı. Qovurğa, küncüd, qovut, noxud, mərcimək və sair çərəzlərdən xonça tuturlar. Onu da qeyd edək ki, Cəhri, Payız, Gülşənabad kəndlərində bunun əksinə olaraq, nişanlı oğlanlara qız evindən pay aparırdılar. Payda bəyə isti köynək, yun corab da qoyurdular. Asəf Orucov vurğulayır ki, günümüzdə də nişanlı qızlara “Xıdır payı” aparmaq adəti mövcuddur.

Küləyin bərəkəti, Xıdırın çırağı

Bayramda doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas və sair kimi adların qoyulması adəti də geniş yayılıb. Xıdır gecələrində axşamdan səhərə qədər külək əsərsə, deyərlər ki, bu, Xıdır Nəbidir, atını çapa-çapa bərəkət paylayır. Əsən külək isə onun boz atının yelidir:

Mən Xıdırın nəyiyəm,

Boz atının yeliyəm.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri bildirib ki, xalq arasında olan inama görə, Xıdır Nəbi günü havaların xoş keçməsi ilin bol, bərəkətli olmasına işarədir. Xıdır həm də istilik və odla bağlıdır. Ona görə də süfrəyə gətirilən aşın kənarlarına şam qoyular və yaxud:

Xıdıra Xıdır deyərlər,

Xıdıra çıraq qoyarlar.

– deyimi də odla, istiliklə, istiliyi çağırmaqla əlaqəlidir. Bu, eyni zamanda, qışın şaxtasının, soyuğunun odla, isti ilə gedəcəyinə, torpağın isinib oyanacağına işarədir. Od, istilik yazın gəlməsinin əlamətləridir. Həm də bu dövr qışın ən soyuq günlərindən biridir. Xalq arasında “Xıdır girdi, qış girdi” kimi deyim də mövcuddur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.