Xəbər lenti
Dəmir yumruq » Manşet » Bugünkü fərmandan sonra yollarda nə dəyişəcək?
Manşet / Hadisə / 7-02-2022, 19:15

Bugünkü fərmandan sonra yollarda nə dəyişəcək?

Bugünkü fərmandan sonra yollarda nə dəyişəcək?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni fərmanla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə keçib.

​Bəs bu dəyişikliklərin nəticəsini sürücülər hansı formada hiss edəcək? Nəqliyyat sahəsində nə yeniliklər olacaq?

“Qafqazinfo” bu suallarla hüquqşünas və nəqliyyat üzrə ekspert Ərşad Hüseynova müraciət edib. O, açıqlamasında bu prosesin hələ başlanğıc olduğunu və dəyişikliklərin davam edəcəyini bildirib: “Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyinin nizamnaməsi də dəyişməlidir. Hazırda BNA-da bu tip qurumlara xarakterik olmayan səlahiyyətlər var. Hesab edirəm ki, bu səlahiyyətlər digər qurumlara ötürüləcək. Məsələn, dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin yazılması. Ehtimal edirəm ki, cərimələrin yazılması da Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan və yaxud indiki kimi müstəqil qurum tərəfindən yazılması praktikası özünü doğrultmadı. Xeyli sayda mübahisələr, ciddi problemlər yarandı. BNA-nın fəaliyyətində də ən ciddi narazılıq yaradan məqam məhz bu idi. Hesab edirəm ki, bu gün başlayan prosesin davamı olacaq. Cərimələrin yazılması, ümumiyyətlə qanunsuz paklanmaya nəzarət məsələləri böyük ehtimalla, DİN-ə qaytarılacaq və bu qurumun nəzarətində olacaq”.

Ekspert dünyanın əksər ölkələrində ictimai nəqliyyatın təşkili barədə təcrübəni nümunə gətirib. Ə. Hüseynov BNA kimi qurumun səlahiyyətlərində olmalı məsələləri sadalayıb: "İctimai nəqliyyatın təşkili və idarə olunması, taksi fəaliyyətinin təşkili və idarə olunması, şəhər ərazisində parklanmaların təşkili və idarə olunması və cari infrastrukturla bağlı yol təhlükəsizliyin və müasir mobilliyin təmin edilməsi. Yəni, velosiped yollarının təşkili, səkilərin lazımı qaydada saxlanılması və digərləri. Sovet dövrü və müstəqillik illərində Azərbaycanda da təcrübə belə idi. Böyük ehtimalla məhz bu yanaşmaya qayıdılır. BNA-nın yeni səlahiyyətlərində də məhz yuxarıda sadaladıqlarım olacaq. Cərimələrin yazılması və s. yerdə qalan digər məsələlər gəldikdə isə, hesab edirəm növbəti fərmanlarla onların da taleyi həll olunacaq”.

NİİM-in Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsini şərh edən Ərşad Hüseynov qeyd edib ki, əvvəllər də bu idarənin səlahiyyətlərini DİN həyata keçirib: “NİİM-in səlahiyyətlərinə işıqforların qurulması, onlara nəzarət və yollarda nəqliyyat axınların idarə olunması daxil idi. İndi də Bakıdan başqa, digər ərazilərdə bu səlahiyyətlər DİN tərəfindən həyata keçirilir. Bu məsələdə də, əvvəlki yanaşmanın bərpa olunduğunu deyə bilərik”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.