Xəbər lenti
Dəmir yumruq » Manşet » “Cavanşir Feyziyev deputat mandatından edilməlidir” - Bahəddin Həziyev
Manşet / Hadisə / 6-02-2022, 19:26

“Cavanşir Feyziyev deputat mandatından edilməlidir” - Bahəddin Həziyev

“Cavanşir Feyziyev deputat mandatından edilməlidir” - Bahəddin Həziyev

“2019-cu ilin axırında özünü buraxıb 2020-ci ilin əvvəlində yenidən deputat olan Cavanşir Feyziyev mən də daxil olmaqla bir sıra media mənsublarının ünvanına özünə yaraşan, özünə aid olan ifadələr işlədib. O ifadələrin hamısını eynilə Cavanşir Feyziyevin özünə göndərirəm”.

Bu fikirləri “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Milli Məclisin deputatı və Mətbuat Şurasının üzvü Cavanşir Feyziyevin jurnalistləri təhqir etdiyi yazısına cavab olaraq deyib. B.Həziyev bildirib:

“Biz media olaraq Cavanşir Feyziyevin ailəsinə məxsus milyonlarla funt strelinq vəsaitin müsadirə olunması ilə bağlı London məhkəməsinin qərarı haqda da məlumat vermişik. Sonra məhkəmə öz qərarını bir hissədə geri oxuyub, onu da yazmışıq. Heç bir böhtana, təhqirə, qərəzə də yol verməmişik.

Buna baxmayaraq, mənim də adımı hallandıraraq, özünə "ziyalı" deyən bir şəxsə, deputata yaraşmayan leksikondan istifadə edib. Bəzi adamlar dilinin arxasında gizlənir. O cümlədən, qələminin. Bu dəfə Feyziyev dilinin, daha doğrusu, klaviaturasının arxasında gizlənməyə çalışsa da, Avstraliya səhralarındakı o böyük, məşhur quşun durumuna düşüb. Dəvəquşu kimi başını quma soxanlar gizləndiyini zənn edərlər, ancaq arxaları bayırda qalar.

Əslində o deputat bizim adımızı çəksə də, özü haqqında yazıb. Qələmindən başqa heç nəyi olmayan jurnalistləri də ağır cinayətlərdə ittiham edib. Təsəvvür edin: Azərbaycan Qarabağın bərpası, ümumiyyətlə, ölkənin inkişafı üçün xaricdən sərmayələr tapıb gətirməyə çalışarkən, dövlətin üst səviyyələrində olanlar, o cümlədən, deputatlar Azərbaycandan qapdıqları milyonları xaricə çıxarır. Burda Azərbaycan xalqının canından qoparıb yığdığı pulları öz ölkəsinə deyil, xaricə yatıran adam çıxıb da ömrünü, sağlamlığını vicdanlı sözə həsr etmiş bizə "sabotajçı", "agent" və sair deyə ittiham irəli sürür və ürəyi də soyumur, təhqir edir. Kimdir agent, kimdir sabotajçı və sair, nəinki Azərbaycan xalqı, bütün Dünya gördü. Təbii ki, onu məhkəməyə verə də bilərik, bizi ağır cinayətlərdə ittiham etdiyini isbatlamasını tələb edə bilərik. Ancaq bu, o deputat üçün böyük şərəf olar; əskiyini tamamlamış olarıq. Vicdanı varsa, saytımızda axtarış aparsın, görsün ki, onun saytımızda, səhifəmizdə nə qədər yazıları, xəbərləri dərc olunub. Heç bir təmənna güdmədən, heç bir qarşılıq gözləmədən. Yəqin yadından çıxıb, bizim elektron poçtumuza yazı göndərib, sonra da ardınca zəng edib xahişdə bulunduğu. Ancaq nə mən, nə mənim iş yoldaşlarım bunun qarşılığında nə ondan bir xahiş etmişik, nə bir təmənna gözləmişik. Cavanşir Feyziyev, bizim qəzetimizdə, saytımızda məqaləniz dərc olunmasını özünüzə şərəf bildiyiniz günləri unutmusunuz. Kimlərəsə nəyinsə qarşılığında nəsə yazdırıb-pozdurmağa bəlkə o qədər alışmısınız ki, hamını o arşınla ölçürsünüz. Sizə, sadəcə olaraq, ayıb olsun! Mənim adım heç bir murdar ağızda ləkələnməz. Bunu da bilin. Şərəfi olan kəs hamını bir-birinə qatıb şərəfli qələm əhlinə böhtan atmaz, özünə aid olan ifadələri başqasının ünvanına sərf etməz. "Bizim Yol" və Bahəddin Həziyev olaraq haqqımı Sizə halal etmirəm. Haqqımızda nə demisinizsə, özünüzə "hədiyyə" edirəm. Və yazdığınız o mənfur statusu silib bütün Azərbaycan mediasından üzr istəməyinizi tələb edirəm. Dövlətin müvafiq səviyyələrdə bu hərəkətinizə reaksiya verməyini də gözləyirəm. Çünki Cavanşir Feyziyev olaraq Siz namuslu qələm adamlarını da xarici kəşfiyyata işləyən, agent və sair adlandırırsınız. Bunlar ağır dövləti cinayətlərdə ittiham etməkdir. Bu ittihamları irəli sürən, sona qədər getməli və sübuta yetirməlidir. Kişi sözünü sonuna qədər deyər. Bizimlə bağlı o ittihamlarınızı sübut edə bilməyəcəksinizsə, bunları söyləmək heç bir insanlığa, heç bir mənəvi ölçülərə sığmaz. Biz, əlbəttə ki, dövlətin reaksiyasını gözləməklə yanaşı, öz hüquqlarımızı bütün qanuni vasitələrlə qorumaq haqqını da özümüzdə saxlayırıq.

Bu arada deputat Cavanşir Feyziyevin ölkə mediasının nümayəndələrinə, o sırada mənə ünvanlanmış aşağılıq paylaşımını dərc edən, sonra da silən media orqanına da mən öz etirazımı mədəni şəkildə bildirmişəm. Peşə həmrəyliyi Jurnalistlərin Peşə Etikasının ən aparıcı müddəalarından biridir. Bu, jurnalistikanın şərəfidir. Kiminsə sifarişi və ya göstərişi ilə bilərıkdən və ya bilməyərəkdən öz qələm yoldaşlarını, bütün medianı ən ağır formada təhqir, təhdid və ağır cinayətlərdə ittiham etdirmək heç bir yazılmış və yazılmamış qanuna sığmır. Kiminin...
Bəli, Cavanşir Feyziyev kimi böyük varidatı olar, kiminin də şərəfi. Hansısa maddi və sair maraqlara görə şərəfli insanları da ləkələmək nə deməkdir?! Adını özünüz qoyun.

Sonda mən Azərbaycan Respublikasının rəhbərliyinə, Baş Prokurora, Milli Məclisin sədrinə müraciət edirəm: bir polis işçisinə zor tətbiq edən, təhqir edən Eldəniz Səlimovun hərəkətinə necə operativ və ədalətli hüquqi və siyasi qiymət verilibsə, bütün Azərbaycan mediasını, bürün jurnalistləri ağır formalarda təhqir, təhdid və ittiham etmiş Cavanşir Feyziyev də deputat mandatından edilməli və barəsində hüquqi ölçü götürülməlidir. Bu hərəkətə dövlətin adekvat qiymət verməsini gözləyirəm”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.