Xəbər lenti
Dəmir yumruq » Manşet » Cəlilabadda Azərbaycan Gəncləri Günü bayram sevinci ilə qeyd olunub
Manşet / Cəmiyyət / 3-02-2022, 18:59

Cəlilabadda Azərbaycan Gəncləri Günü bayram sevinci ilə qeyd olunub

Cəlilabadda Azərbaycan Gəncləri Günü bayram sevinci ilə qeyd olunub

Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümumrayon tədbirində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun gənclərini əlamətdar gün münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Ulu Öndərin gənclər siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Ölkə rəhbərliyi elm, təhsil, mədəniyyət, idman sahələrində dövlət proqramları, layihələrlə gəncliyin inkişafına dəstək verir. Cəlilabad gəncləri də dövlət gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar.

Gənclərimiz 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdilər, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını sübut etdilər. R.Cəlilov çıxışında, həmçinin gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunduğunu vurğulayıb.

Tədbirdə məruzə ilə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirərək bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.

Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə, həmçinin, ədəbi yaradıcılıq sahəsindəki uğurlarına görə yazıçı Meyxoş Abdullaha anadan olmasının 60 illiyi münasibətilə rayon icra hakimiyyətinin təbriki və hədiyyə təqdim olunub.

Ümumrayon tədbiri bədii hissə ilə davam etdirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.