Gənclər sosial-iqtisadi inkişafımızın aparıcı qüvvələrindən biri, sabahın davamçılarıdır. Ölkədə baş verən proseslərin mərkəzində dayanan bu qüvvə cəmiyyətin ən dinamik təbəqəsidir. Tarixən hər bir xalq özünün gözəl gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Azərbaycan tarixinin bütün mərhələlərində ictimai-siyasi qüvvəyə çevrilən gənclərimiz bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin qüdrətinin artırılmasında, mənafeyinin qorunmasında və möhkəmləndirilməsində fəal iştirak edir. 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində məhz gənclərimiz nəyə qadir olduqlarını bir daha göstərdilər.
Bu fikirlər fevralın 2-də Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinə həsr olunan, “Gələcək gənclərindir” devizi altında keçirilən görüşdə səsləndirilib. Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra iştirakçılar görüşün keçirildiyi mədəniyyət evinin foyesində gənc rəssam, Heydər Əliyev Mərkəzinin könüllü gənci Nəzirin Səfərovanın Gənclər Günü ilə bağlı hazırladığı əl işlərindən ibarət rəsm sərgisinə baxıblar.
Tədbirdəki çıxışlarda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışılıb. Vurğulanıb ki, indi Azərbaycan gəncliyi ictimai-mədəni, idman həyatında, habelə sosial-iqtisadi həyatda aparıcı rol oynayır.
Tədbirin sonunda Vətən müharibəsinin bir qrup iştirakçısı, gənc idmançılar, fənn olimpiadasında yüksək nəticələr əldə edən, rayonun ictimai-siyasi həyatında fəal olan gənclər mükafatlandırılıblar.